Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.
Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir.
Newscenter.az xəbər verir ki, tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də “Türyançay Sol Sahil kanalının yenidən qurulması”-nın I mərhələsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kanalın bərpasına 2023-cü il tarixində başlanılıb və bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub.
Ümumi uzunluğu 11,5 km olan suvarma kanalı üzərində sudü¬şürən, suburaxan, borulu keçid, səviyyəqaldıran, akveduk olmaqla ümumilikdə 48 hidrotexniki qurğu var.
Mənbəyini Türyançay çayından götürən suvarma kanalının yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.
Hazırda 11,5 km uzunluğu olan kanalın qurğularla birgə 7 km hissəsinin tikintisi tamamlanıb və işlər davam edir.
Süleyman