Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə vəziyyət kökündən dəyişir

Yaxın Şərqdə vəziyyət kökündən dəyişir


"İsrail ordusunun keçirdiyi əməliyyat nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra bütün gözlər İrana çevrilib. 2 ay öncə, Həmas lideri İsmayıl Xaniyənin öldürülməsi zamanı səssiz qalan Tehranın bu dəfə hansı addım atacağı maraq doğurur".

Newscenter.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, İran prezidenti Məsud Pezeşkian məsələ ilə bağlı açıqlama verib və Qərbə qarşı ittihamlar səsləndirib:

"İran prezidentinin açıqlamasından məlum olur ki, Qərblə Tehran arasında Həmas lideri öldürülərkən razılıq əldə edilib. Buna görə də İran İsrailə cavab verməyib. Pezeşkian hökumətinin niyyəti ABŞ - la münasibətləri normallaşdırmaq və sanksiyaları yumşaldaraq ölkə iqtisadiyyatının inkişafına şərait yaratmaqdır. Ali dini lider Ayətullah Əli Xamenei məhz buna görə Məsud Pezeşkiana prezident seçkiləri zamanı yaşıl işıq yandırıb".

Politoloq deyib ki, ABŞ - da hazırda hakimiyyətdə olan Bayden admistirasiyası vitse - prezident Kamala Harrisin noyabrda keçiriləcək prezident seçkilərində qalibiyyətini təmin etmək üçün İranın İsrailin üzərinə getməsinə mane olmağa çalışır:

"İsrail isə bu vəziyyətdən istifadə edir. Məlum olduğu kimi, İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Baydenin münasibətləri çox da isti deyil. Netenyahunun arzuladığı Ağ evə yenidən Donald Trampın gəlməsidir. İsrail hökuməti həmçinin İranın ABŞ - la razılaşmasını istəmir. Bütün mümkün variantlardan istifadə edərək çalışır ki, buna mane olsun. Pezeşkian açıqlayıb ki, ABŞ onlara verdiyi vədlərə əməl etməyib. İran prezidentinin sözündən belə anlaşılır ki, ABŞ İranın İsrailə cavab verməməsi qarşılığında Qəzzada atəşkəsin əldə edilməsi və İsrailin Livana hücum etməməsi barədə öhdəlik götürüb. Görünür ki, Bayden admistirasiyası Netanyahuya bu məsələdə təzyiq edə bilməyib. İran da buna görə ABŞ - ı ittiham edərək İsrailə bu dəfə cavab verəcəklərini bildirirlər. Ancaq yenə də Tehranın böyük həcmli müharibəyə girmə ehtimalı zəifdir. Ehtimal ki, İranın cavabı Yaxın Şərqdəki proksi qüvvələr və SEPAH - a bağlı olan Qüds elit dəstəsinin vasitəsi ilə olacaq. Ehtimal cavab tədbiri İranın Hizbullah, Həmas, Ənsurullah və İraqdakı şiələrdən ibarət vahid hərbi birlik yaradaraq SEPAH - ın da dəstəyi ilə İsrailə cavab verməsidir. İsrail İranın mümkün cavab ehtimalları ilə bağlı ABŞ - ı xəbərdarlıq edib. İsrailə təzyiq edə bilməyən Vaşinqton indi də İranı cilovlamağa çalışacaq. Ancaq bu dəfə də Tehranın sakit qalması Məsud Pezeşkianı çox çətin vəziyyətə sala bilər. Faktiki olaraq ölkədə daxilində İran prezidentinə qarşı çox güclü təzyiq var. SEPAH generalları İsraillə müharibə tələb edirlər. Buna görə də Pezeşkian bu dəfə cavab verməyə məcburdur. Ancaq Qərblə də dialoq xəttini tam qırmaq istəmir. Buna görə də İran prezidenti çalışacaq ki, " nə şiş yansın, nə kabab ".

Anar Əliyev
Xəbəri paylaş