Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Azərbaycan ali məktəbləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Özbəkistan və Azərbaycan ali məktəbləri arasında əməkdaşlıq memorandumu imzalanıb


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Newscenter.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın Özbəkistana səfəri çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın bir sıra ali təhsil ocaqlarında görüşlər keçirilib, əməkdaşlıq razılaşmaları əldə edilib. Belə ki, Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunu ziyarət zamanı sözügedən universitetlə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında elmi, pedaqoji, tələbə-müəllim mübadiləsi, birgə elmi konfransların, nəşrlərin təşkili və s. mövzularda əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirdə çıxış edən Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunun prorektoru, dosent İsa Dusbayev Azərbaycan ali təhsil ocaqları ilə əməkdaşlığın onlar üçün çox vacib olduğunu qeyd edib. İ.Dusbayev əməkdaşlıq çərçivəsində ilkin olaraq rəhbərlik etdiyi universitetin müəllimlərinin Azərbaycan Dövlət Pedaqoji Universitetində təcrübə keçmələrinin arzusunda olduğunu bildirib və sözügedən bu qocaman ali təhsil ocağında əldə ediləcək təcrübənin onların müəllimləri üçün çox faydasının olacağını vurğulayıb. Rəhbərlik etdiyi ali təhsil ocağında dəyərli qonaqları qarşılamaqdan və Azərbaycan universitetləri ilə yaranmış əməkdaşlıqdan böyük məmnunluq hissi keçirdiyini bildirən prorektor İ.Dusbayev bu təşəbbüslərinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova iki ölkə arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi və bu istiqamət üzrə bütün Türk dünyasında əməli addımların atılmasının vacibliyindən söz açıb. M.Hüseynova Özbəkistan ali məktəbləri ilə Azərbaycan ali təhsil ocaqları arasında əməkdaşlığın vacibliyini qeyd edərək bu sahədə görülə biləcək işlərdən danışıb. Universitet rəhbərliyinə qonaqpərvər qarşılama və əməkdaşlıq üçün öz təşəkkürünü bildirən M.Hüseynova gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün əlindən gələn dəstəyi əsirgəməyəciyini bildirib.

Daha sonra iki ali təhsil ocağı arasında birgə əməkdaşlıq fəaliyyəti üzrə anlaşma memorandumu imzalanıb.

İmza mərasimindən sonra təhsil sahəsindəki xidmətlərinə görə Mahirə Hüseynovaya Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunun Fəxri professoru ünvanının verilməsi ilə əlaqədar institutunun Elmi Şurasının qərarı səsləndirilib, diplom və xatirə hədiyyələri təqdim edilib.

Tədbirin bədii hissəsində universitet tələbələri tərəfindən şeirlər oxunub, Azərbaycan və Özbək mahnıları ifa edilib.

Süleyman
Xəbəri paylaş