Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər ediləcək

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər ediləcək


Oktyabrın 4-də VII çağırış Milli Məclisin Regional məsələlər komitəsinin 2024-cü il payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov növbədənkənar seçkilərdə deputat mandatı qazanmış komitə üzvlərini yeni sessiyanın başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Newscenter.az xəbər verir ki, Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın işğaldan azad edilməsinin növbəti ildönümü olduğunu, hazırda ərazi bötüvlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu vurğulayıb. İclasda torpaqlarımızın işğaldan azad edilməsini arzulayan və bunu vəsiyyət edən Ulu öndər Heydər Əliyevin, habelə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Siyavuş Novruzov iclasın gündəliyində iki məsələnin – Regional məsələlər komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı layihəsinin, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) olduğunu söyləyib.

Komitə sədri, əvvəlcə, Regional məsələlər komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. O, bildirib ki, sessiya çərçivəsində qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət sahəsinə aid müxtəlif mövzularda dinləmələrin keçirilməsi, aidiyyəti qurumlardan daxil olan təkliflərin təhlili, vətəndaşların müraciətlərinə baxılması nəzərdə tutulur.

Sonra Siyavuş Novruzov “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Komitə sədri diqqətə çatdırıb ki, layihə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim edilib. Sənəddə təklif olunan dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar. Bir qrup dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə yuxarıda göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddətlərinin dəyişdirilməsi məqsədi ilə hazırlanıb. Qeyd olunub ki, layihədə, ümumilikdə 37 maddəyə dəyişikliklər təklif olunur. Bu dəyişikliklər bələdiyyələrin daha səmərəli fəaliyyət göstərmələrinə, vətəndaşlara göstərdikləri xidmət səviyyəsinin daha keyfiyyətli olmasına şərait yaradır.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri Aydın Mirzəzadə, Elşən Musayev, Elman Məmmədov, Tahir Rzayev, Məzahir Əfəndiyev, Arzuxan Əli-zadə komitənin payız sessiyası üçün iş planını məqbul hesab ediblər, qanun layihəsindəki dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyiblər. Deputatlar bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində ölkədə görülən işləri, o cümlədən bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini yüksək qiymətləndiriblər. Millət vəkilləri öz çıxışlarında bir sıra qeyd və təkliflərini də səsləndiriblər.

Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin sədr müavini Nurlan Həsənov, üzvləri Vasif Qafarov, Səttar Möhbalıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Süleyman
Xəbəri paylaş