Bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış məcburi köçkün gənclərdən bir qrupunun işğaldan azad edilmiş Xocalı, Şuşa, Laçın rayonlarına məlumat turu təşkil olunub.
Newscenter.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq apardığı məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində gerçəkləşdirilən səfərdə ərazisi işğaldan azad edilmiş bütün rayonlardan olan tələbələr iştirak edib.
Prezident İlham Əliyevin tapşırığı ilə Xocalıda, Şuşada və Laçında aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə səfər iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, indiyədək Xocalıda 44 ailənin (169 nəfər), Şuşada 210 ailənin (785 nəfər), Laçın şəhərində 570 ailənin (2090 nəfər) məskunlaşması təmin edilib.
Geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan tələbələr yaradılan yeni iş yerlərinə və digər infrastruktur obyektlərinə də baş çəkiblər.
Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə məlumat turlarının təşkili davam etdiriləcəkdir.
Süleyman