"4 oktyabr da son dörd ilin bir sıra təqvim günləri kimi ən yeni tariximizin qürur dolu günlərindən biridir. Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli bayrağı sancılıb. 44 günlük Vətən Müharibəsində düşmən üzərində tam qələbə qazanmağımızdan 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən Cəbrayıl rayonuna səfər edib. Dövlətimizin başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu körpüdə Azərbaycan bayrağının ucaldılmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Çünki xalqımızın qan yaddaşında dərin iz buraxan Xudafərin həm də milli qürur rəmzlərimizdən biridir".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub:
"Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulardan 22797 nəfəri “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Ötən il iyulun 31-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən Müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan həmin Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq. Və bu gün Cəbrayıl şəhərində Şəhər Günü münasibətilə Cəbrayılın qədim və müasir tarixinə, mədəni irsinə həsr olunmuş sərgi təşkil edilib, bayram konserti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da oktyabrın 4-də Cəbrayıl şəhərinə səfər edib, cəbrayıllıların sevincinə şərik olublar".
O deyib ki, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə xalqımız öz tarixinin ən şərəfli anlarını yaşayır:
"Cəbrayıl sakinlərinin də bu günü ürəkdən bayram kimi qeyd etməyə haqları var. Çünki 30 ilə yaxın davam edən işğal dövründə vandal ermənilər tərəfindən tamamilə dağıdılan, talan edilən Cəbrayıl rəşadətli Ordumuz tərəfindən işğaldan azad ediləndən sonra, bu gün özünün yeni dövrünü, ikinci azadlığını yaşayır. Cəbrayılın işğaldan azad edilməsi sonrakı qələbələrimizin müjdəsi oldu. 44 günlük müharibənin ilk həftəsində Cəbrayıl şəhəri azad edildi. Bu hadisə bütün əsgər və zabitlərimizdə, xalqımızda böyük ruh yüksəkliyi yaratdı, Ermənistanın uzun illər ərzində formalaşdırdığı “məğlubedilməz ölkə” mifi bir göz qırpımında darmadağın oldu, hamımızda Qələbəyə inam hissi artdı. Ona görə də bu Qələbənin çox böyük siyasi mənası, tarixi əhəmiyyəti var və oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq.
Cəbrayılın azad olunmasının çox böyük tarixi əhəmiyyətə malik olduğunu Prezident İlham Əliyev də bu günkü çıxışında qeyd etdi. Oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edən və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim edən dövlətimizin başçısı Cəbrayıl sakinləri ilə söhbəti zamanı Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhərimiz idi: “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik”.
Daha sonra Cəbrayıl şəhərinin azad olunmasının həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərdiyini, həm də xalqımızın mənəvi ruhunu yüksəltdiyini qeyd edən Cənab Prezident Cəbrayıldan bir neçə gün sonra Hadrut əməliyyatının uğurla keçirildiyini diqqətə çatdırıb. Hadrutdan sonra isə Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatıb və bununla da yolumuz həm Şuşaya, həm də Zəngilan və Qubadlı istiqamətinə açılıb. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə gedib. Beləliklə, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı.
Prezident vurğuladı ki, bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, çünki vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilib: “Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik”.
Komitə sədri qeyd edib ki, əksər məcburi köçkünlərimiz kimi cəbrayıllıların da uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşadıqlarını vurğulayan dövlətimizin başçısı, müharibədən sonra Cəbrayılın bərpası və inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqların verildiyini və bu gün Cəbrayılda infrastruktur layihələrinin icrasının uğurla, sürətlə həyata keçirildiyini diqqətə çatdırdı: “Deyə bilərəm ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur... Biz imkan daxilində çalışmışıq ki, həyatınızı bir az yüngülləşdirək. Burada artıq 100-dən çox insan məskunlaşıb, bu gün də, dünən də gələnlər var. Onlardan bir hissəsi Biləsuvardakı qaçqın şəhərciyində yaşamışdır. Yəqin ki, mənim o şəhərciyə gəlişimi xatırlayan da var. Birinci dəfə 20 il bundan əvvəl orada olmuşam. Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir”.
Cənab Prezident işğaldan azad edilmiş ərazilərdə və o cümlədən Cəbrayıl rayonunda təkcə infrastruktur layihələrinin icrası və yaşayış komplekslərinin, məktəb və xəstəxanaların tikilməsi ilə kifayətlənilmədiyini, həmçinin bu yerlərə qayıdan və yaxın gələcəkdə qayıdacaq keçmiş məcburi köçkünlərin işlə təmin edilməsi, məşğulluğa cəlb edilməsinin də diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırdı: “Biz, eyni zamanda, buraya qayıdacaq insanların məşğulluğu ilə məşğuluq. Təkcə dünən Cəbrayıl rayonunda yerləşən beş yeni müəssisənin təməlini qoydum. O vaxta qədər “Araz Vadisi Sənaye Zonası”nda 10-a yaxın müəssisənin həm təməli qoyulmuşdu, həm də ki, bir müəssisə artıq fəaliyyətdədir. Təkcə dünən təməlini qoyduğum müəssisələrdə mindən çox insan çalışacaq. Bu müəssisələri ərsəyə gətirən iş adamlarına da mənim tövsiyəm o idi ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Yəni, həm yaşayış yerləri, həm bütün infrastruktur - su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar, eyni zamanda, məşğulluq. Dünən təməlini qoyduğum müəssisələrin fəaliyyətə başlaması gələn il nəzərdə tutulur. Bəlkə də bəzi müəssisələrin daha genişmiqyaslı fəaliyyəti olacaq və ilyarıma ərsəyə gələcək”.
AHK sədri qeyd edib ki, ölkə rəhbəri görülməkdə olan bütün bu işlərin siyasi və mənəvi-psixoloji aspektini də qeyd etdi və bildirdi ki, bu işlərin görülməsi bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb:
"Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıtmaqla məşğul olub, ancaq Azərbaycan dövləti, Azərbaycan xalqı isə erməni vandalizminin nəticəsində xarabalığa çevrilmiş bu ərazilərə yenidən nəfəs verməyə, bu əraziləri dirçəltməyə başlayıb. Azərbaycan xalqının quruculuq əzmini bütün dünya görür. Bu gün dünya birliyinin erməni vandalizmi ilə Azərbaycan xalqının qurub-yaratmaq xarakterini əyani müqayisə etmək imkanı var. Cəbrayıl rayonunda görülən bərpa-quruculuq işləri də bunu təsdiqləyir.
Cəbrayılın işğaldan azad edilməsindən keçən dörd il ərzində 7 dəfə bu rayona səfər edən Prezident İlham Əliyev ilk səfəri zamanı gördüyü tükürpərdici mənzərədən, erməni vandalllarının törətdikləri dağıntılardan dəhşətə gəldiyini bildirdi və onu da vurğuladı ki, təəssüf ki, bu gün Ermənistana havadarlıq edən Qərb dövlətləri bütün bu vəhşilikləri görməzdən gəliblər: “Mən tarixi Zəfərimizdən sonra birinci dəfə Cəbrayıla gələndə dəhşətə gəldim. Biz bilirdik ki, ermənilər bizim torpaqlarımızda öz vəhşiliyini hər yerdə göstərmişlər. Bilirdik ki, ərazilərimizin böyük əksəriyyəti dağıntılar içindədir. Amma bu dərəcədə vəhşiliyi, qeyri-insani hərəkətləri təsəvvür etmək mümkün deyildi. Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi. Qalan bütün şəhər, bax, bu cürdür və bunu görmək istəməyən, Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Görürlər, amma görməzliyə vururlar. Bizi ittiham edirlər, bizə qarşı sanksiyalar tətbiq edilir. Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr”.
Ölkə başçısı cəbrayıllılarla söhbət əsnasında işğal dövründə digər ərazilərimizin də eyni vəhşiliyə, vandalizmə məruz qaldığını diqqətə çatdırıb. Ermənilər işğal etdikləri bütün Azərbaycan kəndlərini dağıdıblar, bərbad günə qoyublar. Məscidlərimizi də vəhşicəsinə dağıdıblar, orada heyvanxana düzəldiblər, inək-donuz saxlayıblar. Lakin təəssüflər olsun ki, Qərbdə heç kim Azərbaycanın mədəni irsinin işğalçı ermənilər tərəfindən dağıdıldığını, təhqir edildiyini, talan olunduğunu gündəmə gətirməyib, ictimailəşdirməyib, etiraz səsini bildirməyib. Ancaq həyasızlığın dərəcəsinə baxın ki, bu gün Qərb dairələri bizi guya hansısa “tarixi erməni irsi”ni məhv etməkdə ittiham edirlər. Prezident İlham Əliyev bütün bunların tamamilə əsassız olduğunu bildirdi.
Dövlətimizin başçısı öz çıxışında bir məqama da xüsusi olaraq toxundu və bildirdi k, bu gün işğaldan azad etdiyimiz bütün ərazilərdə görülən böyük quruculuq-bərpa işlərinə görə, yenidən inşa etdiyimiz şəhərlərə görə, keçmiş köçkünlərimizin öz yurdlarına qayıdışına uğurla start verdiyimizə görə Qərb dairələri bizə cürbəcür məhdudiyyətlər, sanksiyalar tətbiq etməyə çalışırlar. Çünki onların gözü bu işləri götürmür, bu günü, bu yeni reallıqları götürmür. Prezident bildirdi ki, bu gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür: “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir”.
Prezident Qərbin anti-Azərbaycan addımlarından danışarkən ABŞ Dövlət Departamentinin və onun rəhbərinin də ünvanına tənqidi fikirlərini səsləndirdi: “Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik”. ABŞ Dövlət Katibi Entoni Blinken yəqin ki, Azərbaycan Prezidentinin bu həqiqətləri dilə gətirməsindən sonra Ağ Evin riyakar siyasəti barədə düşünməyə məcbur olacaq".
AHK sədri onu da vurğulayıb ki, Prezidentin bu qədər açıq mətnlə danışması və üstüörtülü diplomat diliylə yox, açıq şəkildə həqiqətləri dilə gətirməsi Qərbin iç üzünü açır, ABŞ-ın və Fransanın riyakar siyasətini ifşa edir:
"Ermənistanı silahlandıran Qərb ölkələrinin yürütdüyü ikili standartlar siyasətinin Azərbaycan Prezidenti tərəfindən bu cür açıq şəkildə ifşa edilməsi onlara mesajdır. Sülhün düşməni rolunda çıxış edən ölkələri ifşa etmək Azərbaycanın haqqıdır. Ona görə də dövlətimizin başçısı Fransa və onun kimi digər anti-Azərbaycan ölkələrə Ermənistana pulsuz silahlar verib onu revanşizmə sürükləmək əvəzinə, gedib öz qanlı keçmişlərini, öz günahlarını yumağı və bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etmələrini, müstəmləkəçilik siyasətinə son qoymalarını tövsiyə etdi: “Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz”.
Ümid edək ki, Ermənistanı idarə edənlər və bütün anti-Azərbaycan qüvvələr İlham Əliyevin Cəbrayıldan səsləndirdiyi mesajları, çağırışları düzgün dəyərləndirəcəklər. Bəli, Fransa, ABŞ, Hindistan, Kanada, Niderland və Aİ üzvü olan digər ermənipərəst ölkələr Cənubi Qafqazdakı proseslərə burunlarını soxmağa son qoymalıdırlar. Azərbaycana qarşı ikibaşlı siyasət yürütmələri sonda bu ölkələrin öz əleyhinə çevrilir. Azərbaycan lideri sözügedən ölkələrin sülhün düşməni rolunda çıxış etmələrini haqlı olaraq tənqid edir. Dünya birliyi də artıq kimin kim olduğunu görməlidir.
Dövlət başçısı Ermənistan rəhbərliyinə də xəbərdarlıq etdi və bu ölkənin təhlükəli oyunlara qoşulmasının fərqində olduğumuzu diqqətə çatdırdı: “Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O, sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.
Bəli, əgər Cəbrayıl şəhərini azad etmək üçün bizə bir həftə lazım oldusa və Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan ərazilərimiz isə cəmi bir neçə saat ərzində azad etmişik. Prezident İlham Əliyev bu danılmaz faktı yaddaş qısalığından, amneziyadan əziyyət çəkən Ermənistan rəhbərliyinin və erməni revanşistlərinin bir daha diqqətinə çatdırdı ki, onlar reallıq hissinə qayıtsınlar və Azərbaycana qarşı “qisas müharibəsi” kimi xəyallardan əl çəksinlər. Çünki bu cür xəyallar və niyyətlər az-çox adekvat mövqe sərgiləyən erməni əsilli rusiyalı kinorejissor və ictimai xadim Karen Şahnazarovun söylədiyi kimi, Ermənistanın öz “intihar”ı ilə nəticələnə bilər. Bu mənada, Prezidentin Cəbrayıldan xəbərdarlığı Ermənistan rəhbərliyini reallıq hissinə qaytarmağa xidmət edir".
Süleyman