Tarixən böyük tarixi şəxsiyyətlərə dünyəvi, bəşəri sevgi olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır". Müəllim öyrədir - elmi, milli-mənəvi dəyərləri, xalq fəlsəfəsini...
Müəllim ömrünə işıqlı ömür desək, suç olmaz. Axı, səndədir, məndədir müəllim ömrü...
Bütün dövrlərdə cəmiyyətin inkişafında elm ocağı məbədgah, alimlər və aydınlar isə bu müqəddəs məbədgahın ziyası olub. İnsanın kamilləşməsi, əqlinin və dünyagörüşünün inkişafı bəhrələndiyi bu ziyadan və bu prosesi həyata keçirən ziyalılardan, alimlərdən asılıdır.
Əslində, bu yazını sentyabrın ayının əvvəlində yazmalıydım. Amma əl saxladım. Həm də yubileyqabağı onun haqqında çox yazan oldu və olacağını da bilirdim . Gözlədiyimin biri də həmin yazılarda onun haqqında mənim düşündüklərimdən, bildiklərimdən daha kimin bəhs edəcəyini bilmək idi. Çox şeyləri dedilər, yazdılar, ancaq bəzi fikirlər var ki, yazan olmadı. 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində isə hər iki təbriklə ürəyimdə qalan, deyilməyən sözləridə mən yazaraq onun portret cizgilərini olduğu kimi göstərməyə çalışacağam...
Pərvanə xanım Əliyeva...
Bu xanım (müəlliməm) haqqında danışmaq istəyəndə zaman məni tələbəlik illərimə aparır. Bizi birləşdirən ədəbi prosesə oxşar, amma təkrarsız müəllim-tələbə münasibətimiz, müqəddəs elm məbədi saydığımız Gəncə Dövlət Universitetinin elmi, mənəvi-əxlaqi mühitində olub.Onunla ilk görüşümüzün təəssüratı məndə təmkinli, ədəb-ərkanı yerində, başqalarına hörmətlə yanaşmağı bacaran, başqasının haqqına girməməyi, haqqını tapdamamağı həyat kredosu seçən əsl Azərbaycan xanımının dilçilik sahəsində özünəməxsus yeri olan, bütün elmi-ictimai fəaliyyətinə daim məsuliyyətlə yanaşan, özü özündə, sözü sözündə olan sanballı dilçi obrazı təsirini bağısladı.Təhsil aldığımız illərdə dərin bilgisini tələbədən əsirgəməyən, tələbələrinə xüsusi qayğı ilə yanaşan,böyük hörmət bəslədiyimiz Pərvanə müəllimənin dərslərini həmişə səbirsizliklə gözləyər, onun mühazirələrini xüsusi zövq və diqqətlə dinləyərdik.Onun mənə dərs dediyi 4 il ərzindən bugünə qədər, demək olar ki, əksər elmi məqalələrini, tədqiqatlarını, monoqrafiyalarını, ön sözçü, həm müəllif və redaktor olduğu (bu kitablardan biridə müəllifi olduğum "Qalib Sərkərdənin Zərif Gücü-Mehriban Əliyeva" adlı kitabdır) kitabları hər zaman böyük həvəslə oxumuşam, həyat yoluna, şəxsiyyətinə, yaradıcılığına yaxından bələdəm.Bilirəm ki, Pərvanə Bayram qızı Əliyeva (İsmayılova) 1964 cü ildə sentyabr ayının 3-ü ziyalı və zəhmətkeş ailəsində dünyaya göz açıb.1982-1986-cı illərdə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirib.Həmin illərdəndə ədəbi-elmi cameədə ədəbiyyatşünas, nəzəriyyəçi uzun illər ali məktəblərdə pedaqoq və elm-tədris təşkilatçısı kimi geniş tanınır.40 il qabaq başlayan elmi fəaliyyətini orta məktəb müəllimliyindən başlasada daha sonra Gəncə Dövlət Universitetində müəllim olaraq davam etmişdir.Səmərəli fəaliyyəti ilə daha sonra Azərbaycan Dövlət Neft və Sanaye Universitetinin nəzdində Sanaye və Texnologiya Kollecində direktor müavinliyinə qədər yüksəlib.Elə həmin illərin zəhməti Ona Azərbaycan Respublikası "Qabaqcıl Təhsil İşçisi" fəxri adını qazandırıb. Hal-hazırda isə Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının katibi olaraq fəaliyyət göstərir.
60 yaş ədəbiyyatşünasımız Pərvanə Əliyevanın şəxsində, qətiyyən statistika deyil, gənc nəslin elmi-nəzəri biliklərinin artırılmasına, maariflənməsinə, gələcək nəslin həyata, elmə hazırlığına sərf edilmiş pedaqoqun, ideal bir ananın və sonradan ana müqəddəsliyinə yeni bir status qazandıran sevimli nənənin mənalı ömür yoludur. O. ömrünün 60 illik zaman kəsiyində, zəngin ömürlüyün içində dövlətimiz və cəmiyyətimiz üçün faydalı ola biləcək bir neçə sahəni özündə birləşdirib. Əminliklə deyə bilərik ki, 60 yaş ömür zirvəsindən Pərvanə müəlliməni həyat fraqmentlərinə və mərhələlərinə baxdıqda onun son dərəcə əzəmətli şəxsiyyəti, mədəniyyəti, mənəviyyatı, ləyaqəti, vətəndaşlığı və bir də dilşünas xanımlığı göz önündə dayanır.Pərvanə müəllimənin fikrincə, insanı dəyərli edən nə mənsub olduğu millət, nə tutduğu vəzifə, nə də var-dövlətdir. Onun sözlərinə görə, yalnız sadiq, şəffaf, prinsipial yaşamaqla həqiqi xoşbəxtliyə nail olmaq mümkündür. Həm elmi-nəzəri, həm ədəbi-bədii yaradıcılığında müşahidə etdiyimiz prinsiplərinə hər zaman sadiq qalan bu şəxsiyyət, yalnız vicdanının səsinə qulaq asan peşəkar ədəbiyyatşünas, publisist ziyalımız, maarif xadimidir.Göründüyü kimi, Pərvanə müəllimənin dilçilik missiyası kəmiyyətdən çox, keyfiyyətə arxalanır...
Uğur üstə olanlardan soruşsan ki, yolun hayanadı, "işığa" - cavabı alarsan: Bilərsən ki, yol adamı müəlliminin yanına aparır.Axı yaxşı müəllimlər qədirbilən şagirdlərinin könül ünvanıdı.Qüdrətli yazıçımız İsmayıl Şıxlının "analar bizi dünyaya gətirdi, müəllimlərimiz göylərə qaldırdı" sözlərində nə böyük həqiqət, nə böyük hikmət var.
Tələbələrə ana qayğısı ilə yanaşan, insanlığına, şəxsiyyətinə hər zaman böyük hörmət bəslədiyim, ehtiram göstərdiyim, sözü qədər ürəyi də böyük müəlliməmə yaşının müdrik çağında və 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində yeni-yeni elmi-pedoqoji fəaliyyətində, savadlı kadrların yetişdirilməsində və Azərbaycan dilçilik elminin inkişafı yolunda bol-bol nailiyyətlər, möhkəm can sağlığı arzulayırıq!
Aygül Bağırova