Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərq münaqişələrin heç vaxt dayanmadığı bir coğrafiyadır

Yaxın Şərq münaqişələrin heç vaxt dayanmadığı bir coğrafiyadır


"Yaxın Şərq etnik, dini və ya məzhəblərarası müharibələrin və münaqişələrin heç vaxt dayanmadığı bir coğrafiyadır. Bölünmələr o qədər böyükdür ki, heç kim bir-biri ilə tam düşmən və ya tam dost deyil".

Newscenter.az xəbər verir ki, bunu politoloq Pərviz Əliyev deyib. O bildirib ki, Livandakı şiə Hizbullah hərəkatının lideri Həsən Nəsrallahın İsrail tərəfindən sui-qəsd nəticəsində öldürülməsi ilə bu vəziyyət bir daha konkretləşdi:

"İranın dəstəyi ilə Livan Hizbullahı İsrailin Yaxın Şərqdə genişlənməsinə qarşı çıxan ən israrlı qüvvələrdən biridir. Lakin sünni Həmas təşkilatı və şiə Hizbullah təşkilatı İsrailin işğal planlarına qarşı birgə mübarizə aparsalar da, bununla Yaxın Şərqdə qədim “şiə-sünni” parçalanmasına son qoyulduğunu söyləmək mümkün deyil. Əslində Nəsrallahın ölümündən sonra baş verənlər bu parçalanmanın ortada olduğunu açıq şəkildə göstərdi".

Politoloq deyib ki, İsrail tərəfindən Hizbullah liderlərinin bir-bir sıradan çıxarılması Yaxın Şərqdəki sünni icmasını çox da narahat etmir:

"Hizbullahın sırf liderləri öldürüldüyü üçün məhv edilə biləcəyini düşünmək məntiqli deyil. Hizbullah Livanda kütləvi hərəkatdır. Üstəlik, nə qədər ki, İranın dəstəyi davam edir, Nəsrallah və komandasının yerinə yenilərinin gələcəyini, Hizbullah büdrəsə belə, ayağa qalxacağını proqnozlaşdırmaq yanlış olmaz. Onu da unutmaq olmaz ki, İsrail Qəzzədən sonra müharibəni Livanın cənubuna aparıb, beləliklə də onu iki cəbhəyə çevirib. Sünni ölkələr isə bu savaşı kənardan izləyərək şiə qruplaşmasının məhvini gözləyir".

Anar Əliyev
Xəbəri paylaş