Miqrasiya və insanların hərəkətliliyi həmişə ətraf mühitlə əlaqəli olmuşdur. Əsrlər boyu insanların miqrasiya etmək qərarında ətraf mühitin rolu olub. Bununla belə, iqlim dəyişmələri ağır hava hadisələrinin tezliyini və intensivliyini gücləndirir, yaşayışı təhdid edir və bu səbəbdən də icmalar yerdəyişmə edir.
Ağır hava şəraiti və planetin istiləşməsi ən çox miqrant işçilərin üçün böyük risklər yaradır. Belə ki, onlar həm iqtisadi, həm də sağlamlıq baxımından çətinliklərlə üzləşirlər. Belə ki, 2023-cü ildə həddindən artıq istiləşmənin qeydə alınması fermerlər, tikinti sahəsində və ümumiyyətlə açıq hava şəraitində çalışan işçilər üçün ağır nəticələrə gətirib çıxarmışdır.
Açıq havada çalışan işçilər iqlim dəyişmələrinin ən sərt reallıqları ilə, o cümlədən ekstremal yay və qış mövsumləri, eləcə də qum fırtınaları və daşqınların mənfi nəticələri ilə üzləşirlər. Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada milyonlarla işçi - tikinti işçiləri, çatdırılma xidmətləri sahəsində çalışan işçilər, küçə abadlığına məsul və başqaları - həssas qruplar və ağır təsirlənənlər arasındadır.
Miqrant işçilər xarici təsirlərdən əlavə, iqlim dəyişmələri fəsadlarından qorunmaq üçün inzibati çətinliklərlə də üzləşirlər. Günorta iş fasilələri və ya açıq havada çalışan işçilər üçün istilərin qarşısının alınması üçün əksər ölkələrdə heç bir tədbir görülmür. Tikinti işçilərindən tutmuş plantasiya işçilərinə qədər açıq havada çalışan işçilər qorunma olmadan yorucu istidə işləməyə davam edirlər. İri ticarət mərkəzləri və digər ictimai binaların sahibləri tərəfindən kondisionerli ictimai yerlərin əksəriyyətinə tikinti işçilərinin daxil olmasına icazə verilmir. Əvəzinə onlar parklarda və ya müxtəlif yaşıllıqlarda dincəlməklə istidən xilas olmağa çalışırlar. Bu hal işçilərin sağlamlığına, gün vurmadan əziyyət çəkməsinə, dəri xərçənginin yaranmasına, tənəffüsün çətinləşməsinə gətirib çıxarır.
Qlobal İqlim cəmiyyəti – yəni beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, iqlim və ətraf mühit aktivistləri miqrantların iqlim dəyişmələrindən təsirlənən əsas icma qruplarından biri kimi tanınmasını tövsiyə edir. Hətta Konvensiya yanında müşahidəçi qismində işçi miqrantlardan ibarət Koalisiyanın yaradılması təklif olunur. Konvensiya yanında hazırda mövcud olan “Fermerlər” həmfikir QHT qrupunda müəyyən mənada miqrant təmsil olunsa da, bu qrupu ayrıca olaraq, miqrantlardan ibarət olması və UNFCCC COP-larında onların müzakirələrə cəlb edilməsi məqsədəuyğun hesab edilir. Dünyada davam edən istilik böhranında əlbəttə ki, təsirlənən icmaların rifahı daha böyük müzakirə mövzusu olmalıdır.
Münaqişələr nəticəsində ətraf mühitin deqradasiya da miqrasiyaya mənfi təsir göstərən başlıca amillərdəndir. 90-cı illərdə Qarabağdan, Şərqi Zəngəzurdan, o cümlədən Qərbi Azərbaycandan olan Azərbaycanlılar doğma el-obasından didərgin salınmış, qaçqın və məcburi köçkün olaraq onlar ölkənin digər ərazilərinə miqrasiya etməyə məcbur olmuşdular. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasına baxmayaraq əhali öz yurd-yuvasına həmən qayıda bilmədi, ərazilər erməni işğalı zamanı talan edilmiş, dağıdılmış, ağaclar kəsilmiş, mədəni irs məhv olmuş, çaylar çirkləndirilmiş, yaşıllıqlar, ətraf mühit viran qoyulmuşdu. Dəymiş maddi ziyanın məbləği trilyonlarla ölçülür.
Torpaqların minalanması, minanın torpaqda qaldığı zaman ətraf mühitə təsiri bir ayrı, onun partlaması da digər dəhşətli ətraf mühit deqradasiyası yaradır. Bütün bunlar insanların azad şəkildə öz vətəninə qayıtmasına mane olan ətraf mühit amilləridir.
Miqrasiyaya məruz qalmış insanların vətəninə geri qayıdarkən öz evini viran vəziyyətdə, uçurulmuş görməsi, bir zamanlar yaşadığı məhəlləni, yaşayış obyektlərini yerində tapmaması, eyni zamanda miqrantların mental sağlamlığına, psixoloji durumuna da mənfi təsir göstərir. Evlərini, küçələrini, yaşadıqları ərazini daim yaddaşlarında qoyub getdikləri xatırlayan bu insanlar geriyə qayıdarkən fərqli mənzərənin şahidi olur: minalanmış abidələr, küçələr, evlər.
Miqrantların üzləşdikləri bu problemlərin elə miqrantların dilindən eşidilməsi, məsələnin beynəlxalq tədbirlərdə işıqlandırılması, təsirlənən icmaların rifah halı COP29 kimi beynəlxalq platformada müzakirə mövzusu ola bilər.
Pərvanə Vəliyeva, Milli Məclisin deputatı