Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək

Bakı COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək


Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsini həzm etməyən neo-imperialist güclər, indi də ölkəmizin növbəti böyük uğura imza atmaq istəyini əngəlləməyə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsinə mane olmağa çalışırlar. Bu güclərin başında ənənəvi ermənipərəst ölkələr kimi tanınan və erməni lobbisindən dəstək alan ABŞ və Fransa dayanır.

Onlar COP29-un Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracağını yaxşı bilirlər. Bu, ölkəmizin tarixində indiyə qədər keçirilmiş ən böyük beynəlxalq tədbir olacaq. Proqnozlara görə, COP29 zamanı ölkəmizə 70-80 min civarında xarici qonaq gələcək. Bu mötəbər tədbir ölkəmiz üçün həqiqətən də çox böyük fürsətlər yarada bilər. COP29-un sayəsində "yaşıl" enerji sahəsində nəhəng investisiyaların Azərbaycana cəlb olunmasının yolu açılacaq. Bu mənada ölkəmizin davamlı inkişafı üçün növbəti tarixi şans yaranıb. Bütün bunlar əlbəttə ki, anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat edir.

Erməni lobbisi isə konkret olaraq amerikalı konqresmenlər və ABŞ Dövlət Departamenti vasitəsilə Azərbaycanın ev sahibliyi etməyə hazırlaşdığı bu mühüm tədbiri pozmaq üçün hərəkətə keçib. 60-a yaxın ermənipərəst konqresmenin ABŞ Dövlət katibi Entoni Blinkenə müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni separatçı liderlərinin azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd tələbin və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırışın yer aldığı müraciət ünvanlamaları da bilavasitə COP29-a qarşı yönəlib. Müraciət müəllifləri COP29 sammitinə qədər separatçı liderləri azad etmək üçün Blinkendən Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyi xahiş edib, eyni zamanda Ermənistana qarşı bəyanatları pisləməyə çağırıblar.

Əvvəla, reallıq hissini itirmiş konqresmenlər bilməlidirlər ki, Blinkenin İlham Əliyevə təzyiq göstərməsi mümkünsüzdür. O, dövlətimizin başçısından uzaq başı nəyisə xahiş edə bilər. Bunu Prezident İlham Əliyev də oktyabrın 4-də Cəbrayıl şəhər sakinləri ilə görüşdə açıq mətnlə vurğuladı: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.

Konqresmenlərin ABŞ hökumətini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırması isə kütbeyinliyin əlamətidir. Bu onu göstərir ki, Konqres üzvləri Azərbaycanla münasibətlərin pozulmasının ABŞ-ın geosiyasi maraqlarına zərbə vuracağını dərk etmirlər. Başa düşürük, ABŞ gah bu, gah da digər ölkəyə sanksiyalar tətbiq etməyə öyrəşib. Ancaq bu cür lüzumsuz sanksiyalar təkcə həmin ölkələrə deyil, ABŞ-ın özünə də ciddi zərər verir. Azərbaycan isə ABŞ-dan sanksiyalar yox, minnətdarlıq jesti gözləyir. Çünki Azərbaycan indiyə qədər beynəlxalq terrorizmə qarşı mübarizədə və qlobal təhlükəsizliyin təmin olunmasında ABŞ-a ciddi dəstək verib. Bu mənada, amerikalılar təşəkkür etməyi öyrənməlidirlər. Bakı isə bütün hallarda COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş