Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İlahiyyat İnstitutu ilə ABŞ-nin Briqam Yanq Universiteti arasında memorandum imzalanıb

Azərbaycan İlahiyyat İnstitutu ilə ABŞ-nin Briqam Yanq Universiteti arasında memorandum imzalanıb



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə ABŞ-nin Briqam Yanq Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Newscenter.az xəbər verir ki, sənədi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Briqam Yanq Universitetinin dekanı Skott Miller imzalayıblar.

Memorandumun bəndlərində hər iki ali təhsil müəssisəsinin fakültə, kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, multikulturalizmi təşviq edən birgə layihələrin reallaşdırılması nəzərdə tutulub. Eyni zamanda professor-müəllim heyəti və tələbələrin hər iki ölkənin tarixi, mədəniyyəti ilə bağlı məlumatlandırılması məqsədilə tədbirlərin təşkili, qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi, dinlər və xarici dillərin öyrənilməsi sahəsində təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən təsis edilən Azərbaycan İlahiyyat İnstitutu hal-hazırda İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə ölkədə tələbə qəbulu həyata keçirən yeganə ali dini təhsil müəssisəsidir. Aİİ-də, həmçinin magistratura və doktorantura səviyyəsində təhsil verilir. İnstitutda təhsil dövlət hesabına həyata keçirilir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, o cümlədən ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, eyni zamanda Briqam Yanq Universitetində təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə görüşüb.

Görüş zamanı Ramin Məmmədov tələbələrə Azərbaycanın qədim və zəngin tarixi, dövlətin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti, o cümlədən nümunəvi birgəyaşayış mühiti barədə məlumat verib. Tələbələrin ölkəmizə göstərdiyi marağı yüksək qiymətləndirən Komitə sədri onların dil biliklərini möhkəmləndirmələri üçün təcrübə mübadiləsinin zəruriliyini qeyd edib. Azərbaycan İlahiyyat İnstitutu ilə Briqam Yanq Universiteti arasında imzalanan Memorandumun bu prosesə töhfə verəcəyinə əminliyini ifadə edib.

Tələbələr Azərbaycan dilini böyük həvəs və məmnuniyyətlə öyrəndiklərini, bununla da ölkəmizlə bağlı geniş məlumatlar almaq imkanı əldə edəcəklərini vurğulayıblar.

Süleyman
Xəbəri paylaş