"Ukrayna Prezidenti Volodimir Zelenskinin “döyüş meydanındakı vəziyyət ən geci 2025-ci ilə qədər Ukraynada müharibəyə son qoymaq üçün addımlar atılması üçün imkan yaradır” optimizminin nəyə əsaslandığını söyləmək çətindir. Zelenski oktyabr, noyabr və dekabr aylarında hər şeyin sülhə və davamlı sabitliyə doğru aparmaq şansının olduğunu bildirib. Doğrusu döyüş meydanındakı vəziyyəti nəzərə alaraq Ukrayna üçün hər şeyin yaxın zamanda müsbət həll olunacağını söyləmək çətindir, əksinə Rusiya Donbasda işğal ərazisini genişləndirməkdə davam edir".
Newscenter.az xəbər verir ki, bunu deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ukrayna ordusunun avqustun əvvəlində Rusiya ərazisinə müdaxiləsi müsbət qiymətləndirilsə də, bu hələ ki, müharibənin gedişini Ukraynanın xeyrinə dəyişməyib:
"Ukrayna ordusu müqavimətini davam etdirir, döyüş bölgəsində nə mümkündürsə edir, ancaq ordunun işğal altındakı əraziləri yaxın aylarda geri qaytarmaq üçün daha çox canlı qüvvəyə və hərbi texnikaya ehtiyacı var. Rusiyanın müharibədə gündəlik itkiləri min nəfəri keçir, yüzlərlə hərbi texnikası da vurulur, Buna baxmayaraq, Rusiya ölənlərin yerinə yenilərini göndərir, hərbi texnikası da zavodlardan birbaşa cəbhə bölgəsinə göndərilir. Ukrayna isə canlı qüvvə və hərbi texnika sarıdan çətinliklərlə üzləşib".
Politoloq qeyd edib ki, Zelenskinin Ukrayna ilə bağlı ikinci Sülh Sammitinə olan ümidləri də özünü doğrultmaya bilər:
"İyunun 15-də İsveçrədə keçirilən birinci sammitin Ukrayna üçün böyük faydası olmadı. Qərb ölkələrində müharibədən yorğunluq özünü biruzə verir, bu amil də Ukraynanın əleyhinə işləyir. Odur ki, Ukrayna istədiyi nəticəni sammitlərdə deyil, döyüş meydanında - əks-həmlə ilə əldə edə bilər".
Anar Əliyev