Sumqayıt şəhər tam orta məktəblərinin bir qrup kollektivi adından redaksiyamıza şikayət məktubu daxil olub.
Newscenter.az xəbər verir ki, Arzu Məmmədova tərəfindən daxil olan məktubda Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzininin Təhminə və Mehriban adlı əməkdaşlarının özbaşınalıqlarından şikayət edilir. Qeyd edilir ki, həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sumqayıt şəhər orta məktəblərini özlərinə gəlir mənbəyinə çeviriblər:
"Yoxlama adı ilə orta məktəblərə gedən bu əməkdaşlar məktəblərdə min bir bəhanə taparaq hədə-qorxu gəlməklə məktəb direktorlarından rüşvət almaqla məşğuldurlar. Əvvəl guya planlı yoxlama adı ilə məktəbə yoxlama adı ilə gəlib vəzifələrini icra edirlərmiş kimi görüntü yaradırlar. Daha sonra məktəbin hər hansı bir küncündə toz dənələri “aşkar” edib direktorları 350 manat cərimə yazmaqla hədələyirlər. Bundan sonra isə “danışıqlar” apararaq yazacaqları 350 manat cəriməyə 100-150 manat “endirim kompaniyası”edib 200-250 manat rüşvət alıb gedirlər".
Müraciət müəllifləri qeyd edirlər ki, Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi məktəbləri xlorominlə təmin etmir:
"Buna görə də Sumqayıt şəhər məktəblərinin hamısının sanitar qovşaqları xlorla təmizlənir. Xlor da şəxsi vəsait hesabına alınır. Təhminə adlı əməkdaş isə deyir ki, bu bizlik deyil Sumqayıt Təhsil İdarəsi zəhmət çəkib məktəbləri xlorominlə təmin etməlidir.
Heç bir məktəbi yazılı təlimatla təmin etməyən, vəzifələrini yerinə yetirməyən Sumqayıt GEM-nin işi yalnız xərac toplamaqdır. Deyilənlərə görə Təhminə xanımın pensiya yaşı da tamam olub".
Qeyd edək ki, şikayət müəllifləri məsələ ilə bağlı Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva, “Heydər Əliyev Fondu”-nun Vitse-Prezidenti Leyla Əliyeva, Baş nazir Əli Əsədov, səhiyyə naziri Teymur Musayev, Milli Məclisin sədri Sahibə Qafarova, İnsan Hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə də müraciət ediblər.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Süleyman