Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və İnformasiya Texnologiyaları (MİT) fakültəsinin birinci kurs tələbəsi Yasin İbrahimov Avstriyanın Veyz şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanaraq əlamətdar bir zəfərə imza atıb.
Newscenter.az xəbər verir ki, Azərbaycan Savat Milli Komandasında savatın assault (Fransız boksu) növü üzrə gənclər arasında 56 kq çəki dərəcəsində mübarizə aparan tələbəmiz rəqiblərini məğlub edərək qalib kürsüsünə yüksəlib.
Bildirək ki, bu nailiyyət, onun idman karyerasında artıq bir sıra uğurlu nəticələrin davamıdır. O, dəfələrlə ölkəmizi beynəlxalq arenada təmsil edərək, müxtəlif nüfuzlu yarışlarda yüksək nəticələr əldə edib. Bu il Bolqarıstanın Kranevo və İtaliyanın Cenova şəhərlərində keçirilən yarışlarda qızıl və gümüş medallar qazanaraq idman tariximizə adını qızıl hərflərlə yazdırmağı bacarıb.
Onun qələbəsi Gənclər və İdman Nazirliyi tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, gənclər və idman naziri Fərid Qayıbov, son üç ayda beynəlxalq yarışlarda uğurla təmsil olunan idmançılarla görüşüb. Görüşdə tələbəmiz Yasin İbrahimov da iştirak edib, bugünə qədər əldə etdiyi nailiyyətləri tədbir iştirakçıları ilə bölüşüb.
Nazir Yasin İbrahimovu və digər qalib idmançıları qələbə münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurlar əldə etmələrini arzulayıb.
Süleyman