İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova burada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.
Newscenter.az xəbər verir ki, Milli Məclisə növbədənkənar seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edən Numan Kurtulmuş, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluğunu bildirib. Ölkələrimizin bütün məsələlərdə ortaq mövqe nümayiş etdirdiyini söyləyən TBMM sədri 44 günlük Vətən müharibəsindən sonra regionda yeni şəraitin yarandığını, bu xüsusda Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işlərinin, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasına və türkdilli ölkələrə böyük imkanlar yaradacağını bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova təbriklərə görə təşəkkürünü bildirərək, qeyd edib ki, bu vəzifəyə yenidən seçilməsindən sonra onu ilk təbrik edən TBMM sədri olub. O, seçkilərdə Türkiyə Böyük Millət Məclisinin ən böyük heyətlə müşahidələr aparmasına görə minnətdarlığını ifadə edib.
Spiker Sahibə Qafarova qardaş ölkələrimiz arasında Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı əsasında möhtəşəm inkişaf yolu keçən münasibətlərimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəldiyini vurğulayıb. Qeyd olunub ki, qardaş ölkələrimiz bütün məsələlərdə ortaq mövqedən çıxış edir, o cümlədən beynəlxalq təşkilatlarda da bir-birinə dəstək göstərirlər.
Görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyi və qarşıdakı dövrlərdə də bu istiqamətdə fəaliyyətin davamlı olacağı vurğulanıb. Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların ümumi münasibətlərimizə mühüm töhfələri təqdir edilib. Parlamentlər müstəvisində də üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı ölkələrimizin regionda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdikləri ifadə olunub.
Görüşdə parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti də qeyd edilib.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Süleyman