Son illərdə əcnəbilərin Azərbaycandan torpaq alması hallarının artdığı bildirilir. Maraqlıdır ki, bu məsələ hüquqi baxımdan necə tənzimlənir?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən əcnəbilər Azərbaycan Respublikasında torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər. Onun sözlərinə görə, lakin əcnəbilər vərəsəlik və bağışlama nəticəsində nəticəsində torpağın mülkiyyətçisi ola bilərlər:
"Bu torpaq sahəsi isə 1 il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özgəninkiləşdirilməlidir. Əcnəbilər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu 1 il ərzində qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini müvafiq qanunda nəzərdə tutulmuş qaydada məcburi satın alır".
Vəfa Qədirova deyib ki, torpaq sahəsi ya məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilir:
"Ya da dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilir".
Anar Əliyev