Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin oktyabrın 15-də Cenevrədə keçirilən 75-ci sessiyasında iştirak edib.
Newscenter.az xəbər verir ki, sessiyada Azərbaycan hökuməti adından çıxış edən Fuad Hüseynov Ermənistanın Azərbaycana qarşı olan deportasiya və işğalçılıq siyasəti, onun tarixi və nəticələri, bu siyasət nəticəsində ağır məhrumiyyətlərlə üzləşmiş qaçqın və məcburi köçkünlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazandığı qələbə nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qaçqın və məcburi köçkünlük həyatı yaşamağa məcbur olmuş soydaşlarımızın doğma yurdlarına qayıtması üçün imkan yaranıb. Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır.
Həmçinin vurğulanıb ki, ölkə əhalisinin on faizini təşkil edən, son 30 ildə dünyada adambaşına düşən məcburi köçkünlərin sayına görə ən yüksək göstəriciyə malik olan ölkə kimi Azərbaycanın köçkünlük probleminə həssas münasibəti başa düşüləndir. Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük Ermənistanın apardığı etnik təmizləmə və hərbi təcavüz nəticəsində baş verib, öz evindən didərgin salınmış yüz minlərlə azərbaycanlı on illər ərzində çadır şəhərciklərində, dəmiryol vaqonlarında, yarımçıq tikililərdə və ictimai obyektlərdə məskunlaşıb. Hazırda onların təhlükəsiz şəraitdə, ləyaqətlə və könüllü olaraq öz yurdlarına qayıdışı prosesi başlanıb.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək olan dövr üçün sosial-iqtisadi inkişafının beş milli prioritetindən biridir, onun gerçəkləşdirilməsi üçün müvafiq Dövlət Proqramı təsdiqlənib və icra edilir. Proqram hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf meyilləri, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları, həmçinin BMT və digər beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən qlobal inkişaf prioritetləri nəzərə alınıb.
Beynəlxalq insan hüquqlarına tam uyğun olaraq, geri qaytarılma prosesindən əvvəl dövlət orqanları, müstəqil institutlar və beynəlxalq təşkilatlar (Dünya Bankı) tərəfindən məcburi köçkünlər arasında müxtəlif sorğular keçirilib. Sorğu nəticəsində respondentlərin 90 faizi geri qayıtmaq arzusunu ifadə edib. Sorğuların nəticələri tamamlandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vahid məlumat bazasından və “elektron hökumət”ə inteqrasiya olunmuş müxtəlif qurumların xidmətlərindən istifadə edilməklə xüsusi “Qayıdış və Reinteqrasiya” elektron idarəetmə sistemi yaradılıb.
Hazırda işğaldan azad edilmiş ərazilərdə “Ağıllı kənd/şəhər” və “Yaşıl iqtisadiyyat” layihələri diqqət mərkəzində olmaqla möhtəşəm infrastruktur layihələri həyata keçirilir. İşğaldan azad edilmiş Zəngilan rayonun Ağalı kəndində ilk ağıllı qəsəbə salınıb və məskunlaşdırılıb.
Böyük Qayıdış proqramının icrası nəticəsində artıq 9 minə yaxın keçmiş məcburi köçkün öz doğma yurduna qayıdıb. İşğaldan azad edilmiş ərazilərdə yeni salınmış qəsəbələrə köçürülmə mərhələli şəkildə həyata keçirilir. İlkin olaraq müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin geri qayıtmaları üçün şərait yaradılır. Vətənə qayıdan ailələrin hər biri ailə tərkibinə uyğun yaşayış sahəsi ilə təmin olunur. Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə artıq 7 milyard dollardan çox vəsait ayrılıb.
Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını mina və digər partlamamış hərbi sursatlarla o dərəcədə çirkləndirib ki, beynəlxalq ekspertlərin fikrincə, həmin ərazilər Yer kürəsinin minalarla ən çox çirklənmiş əraziləridir (BMT QAK-ın işğaldan azad edilmiş ərazilər üzrə missiyası bunun şahidi olub). Dəqiq mina xəritələrini tam şəkildə təhvil verməkdən imtina etməklə Ermənistan fundamental insan hüquqlarını, xüsusən də, yaşamaq hüququnu kobud şəkildə pozur. Bu ərazilərdəki kütləvi minalar yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. 2020-ci ildən indiyədək işğaldan azad edilmiş ərazilərdə 380-ə yaxın azərbaycanlı mina nəticəsində həlak olub və yaralanıb, onların arasında 30 ildir doğma yurduna qayıdışı səbirsizliklə gözləyən məcburi köçkünlər də var.
Məcburi köçkünlər və qaçqınlar üçün ədalətin bərpası regionda istənilən uzunmüddətli sülh və sabitliyin möhkəm təməlidir və bu baxımdan Ermənistanda öz ata-baba yurdlarından zorla qovulmuş 300 minə yaxın azərbaycanlı qaçqının təhlükəsiz və ləyaqətlə qayıtmaq hüquqları qorunmalı və istənilən uzunmüddətli sülhün bir hissəsini təşkil etməlidir.
Süleyman