Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin məktubu əməkdaşlıq və həmrəyliyə çağırış xarakteri daşıyır

Prezidentin məktubu əməkdaşlıq və həmrəyliyə çağırış xarakteri daşıyır


"İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, Böyük Qayıdışın təmin edilməsi postmüharibə dönəmində əsas prioritet vəzifələrimizdən biridir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir və bu Proqram hazırda sürətlə həyata keçrilir. Dövlət başçısının iştirakı ilə Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan, Xankəndi, Şuşa, Xocalıda həyata keçirilən çoxsaylı açılış və təməlqoyma törənləri də bunun əyani təsdiqidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, “Rebuild Karabakh” sərgisi də həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına xidmət edir:

"Bakıda “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi - “Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu faktı Cənab Prezident də sözügedən sərginin iştirakçılarına və qonaqlarına ünvanladığı salamlama məktubunda qeyd edib. O, hər il keçirilən bu sərgidə müxtəlif layihələrin nümayiş etdirildiyini, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslərin müzakirə olunduğunu vurğulayıb.

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edən “Rebuild Karabakh” sərgisi dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Belə ki, burada dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq fürsəti qazanırlar. Sərgidə təqdim olunan ekspozisiyalar və panellərdə müzakirəyə çıxarılan mövzular bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur. Bütün bunlar isə onu deməyə əsas verir ki, sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasına təkan verəcək, yeni əməkdaşlıqlar üçün zəmin yaradacaq".

Komitə sədri hesab edir ki, bu mənada Qarabağın bərpası bu gün qlobal həmrəyliyə zəmin yaradır:

"Sülhə, sabitliyə, dayanıqlı inkişafa önəm verən bütün tərəflər bu prosesə öz töhfələrini verə bilərlər. Dövlətimizin başçısı da sözügedən müraciətində bu sərginin daha faydalı iş birliyi əsasında Qarabağın dirçəlişində və dayanıqlı inkişafında mühüm fürsətlər yaradacağına inamını ifadə edib. Prezidentin məktubu əməkdaşlıq və həmrəyliyə çağırış xarakteri daşıyır".

Süleyman
Xəbəri paylaş