"2020-ci ilin sentyabr ayının 27-də təcavüzkar Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən rəşadətli Ordumuzun əks-hücum əməliyyatı ilə başlayan və parlaq Qələbəmizlə bitən 44 günlük Vətən müharibəsinin ən unudulmaz tarixi anlarından biri də Füzuli rayonunun işğaldan azad olunduğu gündür. Həmin tarixi hadisədən artıq 4 il ötür. Bu gün Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur. Bu bizim ən yeni tariximizdə, qələbələrlə dolu son dörd ildə yaranan şərəfli bayram günlərimizdən biridir. 17 Oktyabr - Füzuli Şəhəri Günü keçən ildən qeyd olunmağa başlayıb".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, bundan sonra hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd olunacaq. Azərbaycan Ordusunun şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhəri və rayonun ətraf kəndləri erməni işğalından azad edilib. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırılıb. Beləliklə, dünya güclərinin Ermənistana havadarlığı ilə davam edən 27 illik işğal siyasəti sonda mənfur düşmənimizin ağır məğlubiyyətə uğraması ilə nəticələnib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində tarix yazdı, Füzuli rayonu da düşmən tapdağından azad olundu:
"Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Lakin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmək mümkün olmuşdu. Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Həmin günlərdə biz hamımız qələbə xəbərlərinə, Prezidentin qələbə “tvit”lərinə köklənmişdik. Füzulinin də işğaldan azad ediləcəyi günü səbrsizliklə gözləyirdik. Prezident İlham Əliyev həmin xoş xəbəri 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Hərbi-strateji nöqteyi-nəzərdən Füzulinin işğaldan azad edilməsi bizim üçün, Ordumuz üçün fövqəladə əhəmiyyətə malik idi. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Füzulinin işğaldan azad edilməsinin digər rayonlarımızın da düşmən tapdağından azad edilməsi və Şuşaya gedən yolun açılması üçün nə dərəcədə əhəmiyyətli olduğunu öz təcrübəmdən bilirəm. Bəli, Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində həqiqətən də ən mühüm döyüşlərindən biri olub. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavən".
Komitə sədri deyib ki, Füzulinin işğaldan azad edilməsi üçün aparılan uğurlu əməliyyat nəticəsində çoxlu sayda düşmən hərbçisi məhv edildi, yüzlərlə hərbi texnika, silah-sursat qənimət kimi götürüldü:
"Bu döyüşdən sonra xalqımızın qələbə ovqatı daha da gücləndi, Ordumuzun Zəfər yürüşü daha da sürətləndi. Bu müqəddəs amal uğrunda canlarını fəda edənlər şəhidlərimizə minnətdarlıq borcumuz var. Onların fədakarlığı sayəsində bu gün Füzuli torpağı azaddır, bütün Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır. Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın da qanı yerdə qalmadı və 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızda üçrəngli bayrağımız yenidən dalğalanmağa başladı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Füzuli istiqamətində qazandığı Qələbə hərb tariximizə qızıl hərflərlə yazıldı. Füzulinin və digər yurd yerlərimizin işğaldan azad edilməsi milli həmrəyliyimizi daha da gücləndirdi.
İndi Füzulinin və füzulililərin həyatında yeni bir dönəm başlayıb. İşğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi Füzulidə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, erməni vandalları tərəfindən tamamilə dağıdılmış kənd və qəsəbələr yenidən qurulur, böyük infrastruktur layihələri həyata keçirilir, məktəb və xəstəxanalar istifadəyə verilir. Son dörd ildə Prezident İlham Əliyev Füzuli rayonuna dəfələrlə səfər edib, bərpa-quruculuq işlərinin gedişi ilə yaxından tanış olub, öz tapşırıq və tövsiyələrini verib. Qısa müddət ərzində Zəfər yolunun çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının açılması bölgənin gələcək böyük inkişafından xəbər verir. Qarabağın “hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi. Bu hava limanı minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanı kimi tarixə düşdü. Füzuli aeroportu bu gün həqiqətən də Qarabağın və Şərqi Zəngəzurun hava qapısı rolunu oynayır. Belə ki, Şuşaya, Xankəndiyə, Zəngilana gedən qonaqlar da məhz bu hava limanından istifadə edirlər".
Əlisahib Hüseynov onu da deyib ki, “Böyük Qayıdış” Proqramına uyğun olaraq aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində artıq keçmiş məcburi köçkünlərin bir hissəsinin öz doğma yurdlarına qayıdışı təmin edilib:
"Bu il Füzuli şəhərində məktəblilər ilk dərs ilinə başlayıblar. Füzuli sakinlərinin öz doğma yurdlarına qayıtması Azərbaycan dövlətinin gücünün və uğurlu siyasətinin göstəricisidir. Bu gün füzulililər bu dönüşün sevincini yaşayırlar. “Böyük Qayıdış” Proqramının birinci mərhələsində (2026-cı ilin sonuna qədər) ümumilikdə 22 min soydaşımızın Füzuli rayonuna qayıdışı təmin olunacaq. Gün gələcək, Füzuli rayonunda işğalın ağır nəticələri tamamilə aradan qaldırılacaq və bu rayon yenidən ən gözəl məkanlarımızdan birinə çevriləcək.
17 Oktyabr - Füzuli Şəhər Gününüz mübarək, əziz füzulililər!"
Süleyman