Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilan şəhəri Günü dövlətçiliyin günüdür

Zəngilan şəhəri Günü dövlətçiliyin günüdür
 


Ötən əsrin əvvəllərində Rus imperiyası dünyanın siyasi xəritəsini müəyyən qədər dəyişə bilmişdi. Ondan sonra yeni ərazi bölgüsü aparılmışdı – Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmişdi, Zəngilan da bu quberniyanın tabeçiliyinə keçirildi. 1920-ci ilin 28 aprel ilhaqında Zəngəzur qəzası Ermənistana birləşdirildi. Bu siyasi bölgüyə əsasən Zəngilan da Laçın kimi, Qubadlı kimi Azərbaycanın tərkibində qaldı. Bu faktlar Zəngilanın ötən əsrlər tarixidi. XX əsrin sonlarında bu tarixə işğal da əlavə olundu. 67 gün mühasirədə qalan Zəngilan əhalisi Araz çayını keçənə kimi döyüşdü.  1993-cü ilin oktyabr ayının 29-da işğal olundu.

Zəngilanın işğalından sonra Arazın o tayında nələr qaldı? – 1 şəhər, 4 qəsəbə, 65 kənd, onlarla tarixi abidə, türbələr, e.ə. IV-II əsrlərə aid küp qəbirlər, orta əsrlərə aid Qız qalası, orta əsrlərə aid Qəsr qalası, ... Ermənilik bunları dağıtdı. Bu vəhşiliyi nə azərbaycançılıq bağışlayacaq, nə də tarix...
İşğal dövründə (1988-1993) Zəngilanda 235 nəfər şəhid oldu, itkin düşdü.
Zəngilan haqqında neçə-neçə kitab yazıldı, sənədli film çəkildi. Bunlar Zəngilana sevginin ifadəsi kimi tarixləşdi...

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində düşmənin müdafiə sədlərini dağıdaraq döyüşə-döyüşə irəlilədi, mühüm mövqe qələbələri qazandı, oktyabrın 18-də başlayan əməliyyatla Zəngilanı işğaldan azad etdi. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Bu döyüşlərlə Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. 20 oktyabr Zəngilanın işğaldan qurtuluş  tarixi oldu...

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi,
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı.

Quruculuq işləri Zəngilandan başladı. Ağalı kəndinin xarabalıqlarında 200 evdən ibarət ən müasir kənd salındı, dünya bu kəndi “Ağıllı kənd” formatında gördü, tanıdı, sevdi. 2022-ci ilin may ayında doğma torpağından, isti bucağından, məhrəm göyündən 29 il aralı düşən sakinlərin bir qrupu Ağalıya qayıtdı. Daimi yaşamağa!  175 ailə, 871 nəfər!

Zəngilanla Naxçıvanı 40 kilometrlik ərazi ayırır, bu, Zəngəzur dəhlizidir. Dəhliz açılacaq, Naxçıvan Muxtar Respublikası uzun illərin blokadsından qurtaracaq, Zəngəzur yenidən azərbaycançılığın nəfəsi ilə isinəcək.

Zəngilanda həyata keçirilən əsas layihələrdən birini Heydər Əliyev Fondu icra edir. Zəngilan şəhər məscidi bilavasitə Fond tərəfindən bərpa olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan sonra Zəngilana 12 səfəri olub. Bu səfərlər də, 2020-ci il dekabrın 23-də Zəngilanda Azərbaycanın Dövlət bayrağını dalğalandırılması da Vətən müharibəsində qazanılmış tarixi Zəfərə, döyüşlərdə şəhid olanların ruhuna ehtiramın təzahürü kimi tarixləşdi. Səfərlər zamanı Zəngilanda Beynəlxalq Hava Limanının, Zəngilan şəhərində yaşayış binalarının, Mincivan qəsəbəsinin təməli qoyuldu, “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışı oldu, …

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olunub. Bu gün Zəngilanın dünənlərinə ehtiramın,bu günlərinə sevginin, sabahlarına inamın günüdür...

Zəngilan Şəhəri Günü  dövlətçiliyin günüdür...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş