İDDO heyəti Aykikay tərəfindən 5 ildən bir Tokioda təşkil olunan sammitə qatılıb. Sammitdə dünya ölkələri arasında psixoloji problemlərin həlli üçün aparılan müzakirələrdə yaxından iştirak edib.
Newscenter.az xəbər verir ki, tədbir, autizmli uşaqların müalicəsində istifadə olunan terapevtik üsulların öyrənilməsi, pasiyentə düzgün yanaşmanın təyin olunması, diaqnozun qoyulması üçün metodlar, fərdi və qrup terapiyaları zamanı seansa düzgün yanaşma və s. kimi mövzuları əhatə edib.
Sammit çərçivəsində Kanada, Litva, Braziliya, Niderland, Argentina kimi ölkələrin nümayəndələri ilə danışıqlar aparılıb və həmin ölkələrdə autizm spektr pozuntusu diaqnozlu uşaqlara yanaşma tərzləri öyrənilib. Tezliklə qeyd olunan ölkələrlə əməkdaşlıqlar qurulacaq və yeni layihələr üzərində işləniləcək.
İDDO komandası Azərbaycanın Yaponiyadakı səfirliyində baş tutan görüşdə iştirak edib. Səfir Gürsel İsmayılzadə, səfirliyin birinci katibi və konsul Rövşən Cəfərov, İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli və digər əməkdaşların iştirakı ilə gerçəkləşdirilən görüşdə İDDO Psixi Sağlamlıq Proqramının fəlsəfəsi və gördüyü işlər cənab səfirin diqqətinə çatdırılıb. Səfir Gürsel İsmayılzadə görülən işin çətin, eyni zamanda şərəfli yol olduğunu qeyd edib. Görüş zamanı Yaponiya tədris sistemi, psixologiya sahəsi üzrə struktur müzakirə edilib və Azərbaycanda tətbiqi barədə təkliflər irəli sürülüb. Geniş müzakirədə əməkdaşlıq barədə ortaq qərarlar alınıb.
Yaponiyada olan müddət ərzində İDDO komandası bir neçə bağça, məktəb və xəstəxananı ziyarət edib, həmin qurumların iş sistemi ilə yaxından tanış olaraq əməkdaşlığa dair danışıqlar aparıb.
İDDO PSP millətimiz və dövlətimizin inkişafı, sağlam genofondun qorunub saxlanması və formalaşması istiqamətində fəaliyyətinə davam edir.
Süleyman