15.10.2024-cü il tarixdə Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə “Azərbaycan klassik şeirinin tacidarı -Məhəmməd Füzuli’ başlıqlı konfrans keçirib.
Newscenter.az xəbər verir ki, konfransi açan kitabxana filialının müdiri Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixdə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin keçirilməsi məqsədilə Sərəncam imzaladığını qeyd etdi və şairin yaradıcılığı haqqında qısa məlumat verdi. Gecədə “Turan” Beynəlxalq Elmlər Akademiyasının akademiki Bayram Apoyev, GDU-nin müəllimi Vüsal Hicran, AYB üzvü Zülfiyyə Yaqub, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru dosent Faiq Ələkbərli (“Məhəmməd Füzulinin mədəni-fəlsəfi irsinin Türk dünyasında yeri və rolu”), AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Nizami Gəncəvi əlyazmalarinin tədqiqi şobəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru dosent Tünzalə Seyfullayeva, həmin institutun kiçik elmi işçisi Ramidə Abbasova, GDU-nin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologoya üzrə fəlsəfə doktoru dosent Səba Namazova və kitabxananın fəal oxucuları çıxış etdilər.
Tədbirdə Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafindan, Yaxın və Orta Şərq ölkələrinin ədəbiyyatının inkişafından, anadili poeziyasının mükəmməl nümunələrini yaratmağından, çoxcəhətli bədii-fəlsəfi irsindən, özündən sonra tanınan böyük bir ədəbi məktəb formalaşdırmasından, bəşər mədəniyyəti tarixinə bəxş etdiyi ülvi məhəbbətlə dolu misilsiz mənəvi sərvətindən ətraflı danışıldı. Hələ bundan sonra neçə-neçə nəsillər onun yaradıcılığını sevə-sevə oxuyacaq və bəhrələnəcəklər. Tədbirin sonunda Məhəmməd Füzulinin yaradıcılığı ilə bağlı videoçarx nümaiş etdirildi.