Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb


Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazıb. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində, dörd il əvvəl, oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb.

İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir.

Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Zəngəzur dəhlizi-xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı cox böyük iqtisadi prespektivlərə nail olacaq.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub.

Azad olunan ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.

Dövlətimizin hərtərəfli qayğısını öz üzərlərində hiss edən zəngilanlılar da inanırlar ki, tezliklə doğma yurdları Azərbaycanımızın çiçəklənən diyarına çevriləcək.

Artıq Zəngilan şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bu münasibətlə bütün zəngilanlıları, Azərbaycan xalqını təbrik edirəm.

Nəsib Məhəməliyev

Milli Məcəlləsinin deputatı
Xəbəri paylaş