Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazda sülh Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində mümkün olacaq

Cənubi Qafqazda sülh Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində mümkün olacaq


Gürcüstanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Qərbin bu ölkənin hakimiyyət və cəmiyyətinə qarşı təzyiqləri də getdikcə artır. Gürcüstanın daxili işlərinə, seçki prosesinə kənardan müdaxilələrin miqyası genişlənir. Təkcə gürcü xalqı və dövlətçiliyi üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün xüsusi əhəmiyyət kəsb edən 26 oktyabr seçkilərinə hazırlıq və təbliğat-təşviqat kampaniyası Qərbin total təzyiqləri şəraitində keçir. Qərb Gürcüstanda hakimiyyətə öz tərəfdaşlarını gətirmək üçün bütün vasitələrə əl atır.

ABŞ və Fransa başda olmaqla bir sıra Qərb dövlətləri, onların Gürcüstandakı diplomatik missiyalarının rəhbərləri, habelə Avropa İttifaqının (Brüsselin) Cozef Borrel kimi təxribatçı nümayəndələri Gürcüstanla bağlı həqiqəti əks etdirməyən, yalan məlumatlarla dolu bəyanatlar verir, rəsmi Tiflisə qarşı sanksiyalar tətbiq ediləcəyini bəyan edirlər. Bütün bunlar əlbəttə ki, hakim “Gürcü Arzusu” partiyasının yürütdüyü siyasətə qarşı yönəlib. Vaşinqton və Brüsseldən açıq şəkildə bəyan olunur ki, əgər “Gürcü Arzusu” hakimiyyətdə qalarsa, Gürcüstanın Avropaya yolu bağlanacaq. Bir sözlə, Qərb Gürcüstanda həm seçkiöncəsi, həm də seçkisonrası mərhələdə süni surətdə inqilab vəziyyət yaratmaq üçün əlindən gələni edir.

Qərbin bu hərəkətləri və müdaxilələri sözsüz ki, Gürcüstanın suveren hüquqlarının kobudcasına pozulması deməkdir. Demokratik Qərbin bu cür qeyri-demokratik addımları nə beynəlxalq hüququn norma və prinsiplərinə, nədəki diplomatik etiketə uyğun deyil. Qərb ölkələrinin Tiflisdəki səfirlərinin və rezidentlərinin Gürcüstan vətəndaşlarına yol göstərməyə çalışması, onların seçki günü kimlərə səs vermələrini diktə etməsi bu ölkənin daxili işlərinə birbaşa müdaxilədir və eyni zamanda bütövlükdə regionda sabitliyi pozmağa, Cənubi Qafqazın hazırkı geosiyasi arxitekturasının dəyişdirilməsinə yönəlib.

Vaşinqton və Brüssel Cənubi Qafqazda söz sahibi olmaq üçün region ölkələrinə hökm etməyə, onları özlərinə tabe etməyə, vassala çevirməyə çalışırlar. Onlar Ermənistanda bu istəklərinə müəyyən dərəcədə nail olublar. İndi də hədəfdə Gürcüstandır. Qərb bütün resurslarını işə salaraq seçki ərəfəsində Gürcüstanda hansısa təxribatlar törətməyə hazırlaşır, seçkilərin nəticələrinə təsir göstərmək istəyir. Ancaq Qərbin bu planın gerçəkləşməsi mümkün deyil. ABŞ və Avropa İttifaqının öz geosiyasi hegemonluq maraqlarını həyata keçirmək məqsədilə qonşu Gürcüstanda siyasi proseslərə müdaxilə etməsi onların gözlədikləri effekti verməyəcək.

Biz əminik ki, Qərbin Gürcüstanda keçiriləcək seçkilərə kobud müdaxiləsi mütləq iflasa uğrayacaq. Region xalqları öz gələcək inkişaf yollarını özləri seçməlidir. Gürcü xalqı da öz taleyini özü həll edəcək və 26 oktyabr seçkilərinin nəticələri gürcü xalqının iradəsinə uyğun olacaq. Qərbdən fərqli olaraq biz qonşu Gürcüstanda xaosun və hərcmərcliyin yox, sabitliyin və dayanıqlı inkişafın tərəfdarıyıq. Cənubi Qafqazın sülh və sabitlik adasına çevrilməsi Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində mümkün olacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş