Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin ötən gün Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubun məzmunu və ABŞ Prezidentinin xüsusi köməkçinin Bakıya səfəri bir daha onu göstərir ki, dünya erməni lobbisinin və Konqresin ermənipərəst nümayəndələrinin bütün cəhdlərinə baxmayaraq Ağ Evin Azərbaycanla əməkdaşlıq münasibətlərini nəzərdən keçirmək və ya pozmaq planları yoxdur. Tam əksinə, ABŞ tərəfi Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək fikrindədir.
Bu onu göstərir ki, ABŞ lideri bir qrup ermənipərəst konqresmenin və Dövlət Departamentinin məlum avantüraları ucbatından son günlər Azərbaycanla münasibətlərdə yaranmış gərginlik və siyasi böhrana son qoymaq istəyir. Görünən budur ki, Co Bayden Azərbaycanın bir müttəfiq ölkə kimi ABŞ üçün əhəmiyyətini düzgün dəyərləndirir. Başqa sözlə desək, ABŞ erməni lobbisinin cəhdlərinə rəğmən Azərbaycan kimi önəmli tərəfdaşını itirmək fikrində deyil. Bunu ABŞ liderinin azərbaycanlı həmkarına ünvanladığı məktub da göstərir. Məktubla yanaşı, ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin Bakıya səfər etməsi və Prezident İlham Əliyev ilə görüşüb Azərbaycanla ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə geniş fikir mübadiləsi aparması da ABŞ-ın Azərbaycanla münasibətlərə ciddi önəm verdiyini təsdiqləyir.
Maykl Karpenteri Azərbaycan lideri ilə danışıqlar aparmağa Co Bayden şəxsən özü göndərib və o, bunu sözügedən məktubunda da qeyd edib. Ümumiyyətlə, Prezident Co Bayden budəfəki məktubunu əsas etibarilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına və tərəflər arasında yekun sülh sazişinin imzalanması məsələlərinə həsr edib. Belə ki, ABŞ Prezidenti iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkəmizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunluğunu ifadə edib və ölkəsinin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsinə dəstək verməyə hazır olduğunu bildirib: “Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır”.
Ağ Evin rəhbəri məktubunda həmçinin hazırda dünyanın diqqətinin COP29 ilə bağlı Bakıya yönəldiyini bildirib və belə bir vaxtda Azərbaycanın qlobal ictimaiyyətə sülhə sadiqliyini nümayiş etdirmək üçün misilsiz imkana malik olduğunu vurğulayıb. Co Bayden İlham Əliyevi cari ildə sülh sazişini yekunlaşdırmağa dəvət edib və ölkəsinin bu məsələyə dəstək verməyə sadiq olduğunu vurğulayıb. Məktubda qeyd olunub ki, "Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək".
Beləliklə, Co Baydenin həm Azərbaycan Prezidentinə məktub yollaması, həm də öz xüsusi köməkçisini Bakıya göndərməsi bir daha təsdiqləyir ki, ABŞ Azərbaycanla müsbət münasibətləri inkişaf etdirməyə hədəflənib. Bunu ilk növbədə Birləşmiş Ştatların dövlət maraqları tələb edir. Regionun aparıcı dövləti olan Azərbaycanla əlaqələrin inkişafı ABŞ-ın strateji maraqlarına və qlobal milli təhlükəsizlik konsepsiyasına uyğundur. Məhz bu maraqlarından çıxış edərək ABŞ Azərbaycan ilə Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanmasına nail olmaq istəyir. Lakin Azərbaycan da öz maraqlarından çıxış edir. Azərbaycana yarımçıq sülh lazım deyil. Ona görə də rəsmi Bakı Ermənistanla nisbi razılaşdırılmış bəndlər üzrə sülh sazişi imzalamağa tələsmir. Yarımçıq sülh olmur. Biz yarımçıq sülhün yox, tam və dayanıqlı sülhün tərəfdarıyıq.
Prezident İlham Əliyev Karpenter ilə görüşündə həmçinin Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalarının sülh sazişinin imzalanması yolunda əsas əngəl olaraq qaldığını da qarşı tərəfin diqqətinə çatdırdı. Və beləliklə, ABŞ Prezidentinin xüsusi köməkçisinə açıq mətnlə mesaj verildi ki, Azərbaycan imitasiya xatirinə “sülh”ün yox, həqiqi sülhün tərəfdarıdır. Ona görə də ABŞ Azərbaycanı tələsdirmək əvəzinə, Ermənistanı sülh prosesinə məsuliyyətlə yanaşmağa sövq etməlidir. Çünki bu sülh bizdən daha çox Ermənistanın özünə lazımdır. ABŞ havadarlıq etdiyi Ermənistan hakimiyyətinə başa salmalıdır ki, sülhlə spekulyasiya etmək olmaz.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri