Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentində Azərbaycanla bağlı səsləndirilən qərəzli fikirlər ölkəmizə qarşı riyakar fəaliyyətin tərkib hissəsidir

Avropa Parlamentində Azərbaycanla bağlı səsləndirilən qərəzli fikirlər ölkəmizə qarşı riyakar fəaliyyətin tərkib hissəsidir


Avropa Parlamentində təşkil olunan müzakirələr zamanı ölkəmizlə bağlı səsləndirilən riyakar, qərəzli fikirləri sərt şəkildə qınayır, bunu noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində bir mərkəzdən idarə olunan qarayaxma kampaniyası çərçivəsində atılan növbəti uğursuz addım hesab edirik.

Şübhə yoxdur ki, ilbəil daha da güclənən, qlobal miqyasda nüfuzu davamlı olaraq artan dövlətimizin apardığı müstəqil və prinsipial xarici siyasət kursunu qəbul edə bilməyən, ölkəmizin iqlim dəyişikliyi və ekoloji problemlərin həlli istiqamətində irəli sürdüyü beynəlxalq əhəmiyyətli təşəbbüslərə kölgə salmağı hədəfləyərək hərəkətə keçən, erməni diasporunun təsiri altında olan təşkilatların və dövlətlərin niyyətləri yenə də puç olacaq.
Torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında qalmasına, Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyonadək həmvətənimizin Qarabağ, Şərqi Zəngəzur və indiki Ermənistan ərazisindən zorla didərgin salınmasına və qovulmasına, onların fundamental hüquqlarının pozulmasına, xalqımıza qarşı törədilən ağır cinayətlərə, soyqırımına, etnik təmizləməyə, dörd minədək azərbaycanlının itkin düşməsinə, işğal altında olmuş ərazilərimizdə və indiki Ermənistanda tarixi, mədəni, dini abidələrimizin məhv edilməsinə onilliklər ərzində “neytrallıq” adı altında bilərəkdən göz yuman bu siyasətçilər indi kollektiv şəkildə Fransanın dirijorluğu ilə rəsmi İrəvana havadarlıq edirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin Belçikanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı bildirdiyi kimi: “Avropa İttifaqı əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmamışdır. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir. Mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır”.

Əsrlər boyu müstəmləkəçilik siyasəti yürüdən və ikrah doğuran bu siyasəti dənizaşırı ərazilərdə bu gün də davam etdirən Fransanın həmin ərazilərdə törətdiyi cinayətləri, ciddi insan hüquqları pozuntularını heçə sayan Nikolas Şmitin, habelə fransalı Natali Luazo və Jordan Bardella kimi riyakar siyasətçilərin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz tarixi torpaqlarını azad etmiş Azərbaycanın daxili işinə qarışmalarına, özlərini insan hüquqlarının müdafiəçisi kimi təqdim etməyə və əsassız iddialar irəli sürməyə heç bir mənəvi haqları yoxdur.
Avropa Parlamentində Azərbaycanla bağlı səsləndirilən qərəzli, əsassız fikirlər ölkəmizə qarşı aparılan,və bir mərkəzdən idarə olunan qarayaxma kampaniyasının, o cümlədən riyakar fəaliyyətin tərkib hissəsidir . Bu, dövlətimizin həyata keçirdiyi müstəqil və prinsipial xarici siyasət kursuna maneə ola bilməz. Aparılan müzakirələr əbəsdir, heç bir nəticə verməyəcək və Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimiz inkişaf yolunu bundan sonra da uğurla davam etdirəcək, qlobal miqyasda nüfuzunu daha da artacaqdır.

Zaur Şükürov
Milli Məclisin deputatı
Xəbəri paylaş