Fransanın bu yaxınlarda fəaliyyətə başlamış Avropa və xarici işlər naziri Jan Noel Barronun Azərbaycan əleyhinə səsləndirdiyi sərsəm fikirlər tamamilə qəbuledilməzdir. Bu adam ölkəsinin baş diplomatı postuna təyin edilər-edilməz, öz sələfləri kimi dərhal ermənipərəst mövqe sərgiləməyə başladı. Belə ki, J.N.Barro gah mediaya verdiyi açıqlamalarda, gah da rəsmi çıxışlarında utanmadan təhriflərə yol verir, ölkəmiz əleyhinə cürbəcür yalanlar tirajlayır.
Jan Noel Barronun bu günlərdə "France Inter" telekanalına müsahibəsi zamanı guya “Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu” bəyan etməsi də fransız diplomatın və siyasətçinin qeyri-diplomatik həyasızlığının təzahürüdür. Fransalı nazir bu açıqlaması ilə ölkəsinin Azərbaycana qarşı növbəti əsassız və qərəzli münasibətini ortaya qoyub. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin “Ermənistana münasibətdə beynəlxalq hüququn pozulması” kimi təqdim edilməsinin özü belə beynəlxalq hüquqa qarşı açıq hörmətsizlikdir. Fransa prezidenti Emmanuel Makronun beynəlxalq hüquqdan zərrə qədər də anlayışı olmayan belə bir cahil şəxsi xarici işlər naziri təyin etməsi heyrət doğurur.
Beynəlxalq hüquqa qarşı bu cür dayaz və səthi yanaşma nümayiş etdirən fransalı nazirin Ermənistanın “vəkil”i rolunda çıxış etməsi heç də təəccüblü deyil. Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamasına və erməni vandallarının tarixi abidələrimizi, dini məkanlarımızı, muzeylərimizi talan etməsinə, 1 milyona yaxın azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salınmasına göz yuman Fransanın xarici siyasət idarəsinin rəhbərinin özünü artistliyə vuraraq Ermənistanı “qurban” kimi təqdim etməsi həqiqətən də fransızsayağı absurdun pik nöqtəsidir.
Makronun və onun nazirinin beynəlxalq hüquqa zidd açıqlamaları onu göstərir ki, bu gün Fransanı idarə edənlərin beynəlxalq hüquq sahəsində maariflənməyə ciddi ehtiyacları var. Dənizaşırı ərazilərin, keçmiş müstəmləkələrin xalqlarına qarşı hələ də zorakılıq və sömürgəçilik siyasəti yürütməyə davam edən Fransa kimi neokolonialist bir ölkənin rəhbər şəxslərinin beynəlxalq hüquqdan danışmağa və revanşist Ermənistanı sülhpərvər ölkə kimi təqdim etməyə mənəvi ixtiyarları yoxdur. Fransalı rəsmilər bu cür absurd açıqlamaları ilə özlərini ifşa edirlər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri