Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Turizmin Təbliği və İnkişaf Etdirilməsi Fondunun təşkilatçılığı ilə xarici ölkə jurnalistlərinin Türkiyəyə səfəri başlayıb.
Newscenter.az xəbər verir ki, səfərdə Azərbaycan və Özbəkistandan olan müxtəlif media qurumlarının əməkdaşları iştirak edir. Media təmsilçilərinin ilk durağı Türkiye Cumhuriyətinin paytaxtı Ankara şəhəri olub. Səfər çərçivəsində xarici media təmsilçiləri Ankaradakı Anadolu Mədəniyyətlər Muzeyində olublar. Məlumat üçün qeyd edək ki, muzeydə min illəri özündə əks etdirən eksponatlar, Şumerlər, assurilər dövrünə aid qədim əşyalar, arxeoloji qazıntılar zamanı üzə çıxan və müxtəlif illərə təsadüf edən bəzək əşyaları qorunub saxlanır.
Məlumat üçün bildirək ki, Paleolit dövründən etibarən Anadolu torpaqlarının orijinal əsərlərinə ev sahibliyi edən Anadolu Sivilizasiyaları Muzeyi iki tarixi binadan ibarətdir. Bunlar Osmanlı Dövrünə aid tikililər olan Mahmutpaşa Bedesten və Kurşunlu Hanıdır. 2014-cü ildə bərpa edilən və yenilənən bu muzey, Göbeklitəpədən virtual turlar, animasiyalar və T şəkilli ucaldılmış replika və artefaktlarla tarixə səyahət etməyə imkan verir.
Ankaranın ilk muzeyinin hekayəsi 1921-ci ildən başlayır. Mustafa Kamal Atatürkün mərkəzdə Eti Muzeyi qurmaq ideyası ilə ölkənin hər yerindən Hetit əsərləri toplanmağa başlanır. Dövrün Mədəniyyət müdiri Qalip bəy Ankara qalasının Akkale qalasını, Avqust məbədini və Roma hamamını muzeyə çevirərək ilk addımı atır.
Akkalenin məhdud ərazisi kifayət etmədikdə, Ankara qalası yaxınlığındakı boş Mahmutpaşa Bedesten və Kurşunlu Hanın bərpasına başlandı. Bərpa 1938-ci ildə başlamış və 1968-ci ildə tamamlanmışdır. Binaların təmiri davam edərkən, 1943-cü ildə təmiri başa çatan binanın mərkəzi hissəsi ziyarətçilərin üzünə açılmışdır.
1997-ci ildə "Avropada İlin Muzeyi" seçilən və bənzərsiz kolleksiyaları ilə dünyada nadir muzeylər arasında yer alan Anadolu Mədəniyyət Muzeyində əsərlər xronoloji olaraq ayrılmış bölmələrdə sərgilənir. Üst salonda Paleolit dövrü, Xalkolit dövrü, Köhnə Tunc dövrü, Assuriya Ticarət Koloniyaları dövrü, Köhnə Hetit və Hetit İmperatorluğu, Frigiya Krallığı, Son Hetit Krallığı, Urartu Krallığı, aşağı salonda isə Əsrlər boyu Ankara və Klassik Dövrlər bölmələri yerləşir.
Süleyman İsmayilbəyli
Bakı-Ankara-Bakı