2024-cü ilin 1-21 oktyabr tarixlərində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə layihəsi əsasında qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs təşkil edilib.
Newscenter.az xəbər verir ki, daşınar və daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi fəaliyyətinə dair keçirilən kursda ölkədə fəaliyyət göstərən 20-ə yaxın qiymətləndirmə şirkətinin nümayəndələri və üç bank əməkdaşı iştirak edib. Kurs ərzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin nümayəndələri, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universitetinin müəllimləri tərəfindən praktiki və nəzəri məlumatlar bölüşülüb, mühazirələr səsləndirilib. Kursun yekununda sınaq imtahanı baş tutub. İmtahanda 40 nəfər iştirakçı kurs ərzində onlara öyrədilən biliklər üzrə özlərini sınaqdan keçirib.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 1998-ci ildən etibarən hazırlıq kursları təşkil edir. 2022-ci ildən kursların təşkili Cəmiyyətin Təlim, Tədris və Sertifikatlaşma departamentinin müəyyən etdiyi illik proqram və bu proqram əsasında hazırlanan tədbirlər cədvəlinə uyğun olaraq həyata keçirilir.
Kurslar beynəlxalq qiymətləndirmə standartları, Azərbaycan qiymətləndirmə standartları, o cümlədən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məram və prinsiplərinə uyğun şəkildə təşkil olunur və qiymətləndirici mütəxəssislərin bilik və vərdişlərinin artırılması, peşə bacarıqlarının yüksəldilməsi məqsədi daşıyır. Növbəti hazırlıq kursuna noyabr ayının 15-də başlanılması nəzərdə tutulur.
Xatırladaq ki, bu il oktyabr ayının 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçiriləcək. İmtahandan uğurla keçən şəxslər şəhadətnamə ilə təmin olunacaq və bununla da qiymətləndirmə fəaliyyəti göstərmək üçün rəsmi icazə əldə edəcəklər. Ümid edirik ki, bu tip kursların təşkili qiymətləndiricilərin şəhadətnamə imtahanlarını müvəffəqiyyətlə vermələrinə əhəmiyyətli dəstək göstərəcək.
Süleyman