Azərbaycan Prezidentinin Tatarstanın paytaxtı Kazan şəhərində BRİCS-in toplantısında iştirakı Azərbaycanın bu təşkilata olan maraqlarının ifadəsidir. Azərbaycan Şərqlə Qərb arasında öz seçimini etmək niyyətindədir.
Ölkəmizin BRİCS-ə üzv olmaq niyyəti hələ iyulun əvvəlində, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammiti zamanı bəyan edilmişdi. Həmin görüş zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə qəbul olunmuş və həmin sənəddə qeyd edilmişdi ki, Azərbaycan BRICS-ə qoşulmaq arzusunu ifadə edir və Çin belə əməkdaşlığı alqışlayır.
Qərbin məkirli yanaşmalarından fərqli olaraq BRİCS-də üzv ölkələrin suverenliyinə və müstəqil yaşamaq prinsiplərinə hörmətlə yanaşılır. Bu birlikdə heç bir dövlət digərinin daxili həyatına müdaxilə edib ona “sən belə yaşamalısan” demir. Bir sözlə, bu Birlik öz müstəqilliyinə hörmətlə yanaşan və onu maksimum qorumağa çalışan ölkələrin Kolisiyasıdır. Elə bu səbəbdəndir ki, hal-hazırda dünyanın 40-dan çox ölkəsi bu Birliyə üzv olmaq arzusunu ifadə etmişdi. Bu ölkələrdən biri də Azərbaycandır. Rəsmi Bakı cari ilin avqust ayının 20-də BRICS-ə üzvlüklə bağlı müraciət etmişdir. Azərbaycanın siyasi elitası həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa və həmrəyliyə can atır və bunu müstəqil siyasətin əsas prinsipi hesab edir.
Fikrət Yusifov, iqtisad elmləri doktoru, professor