25 oktyabr - Qubadlı şəhərinin işğaldan azad edilməsi günü Azərbaycan xalqı üçün tarixi bir gündür.
Ölkə Prezidenti cənab İlham Əliyev “Qubadlıya öz sahibləri qayıdıb” və “Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” ifadələri ilə bu günün və Qubadlı şəhərinin xalqımız üçün olduqca önəmli olduğunu vurğulayır.
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Qubadlı şəhərinin işğaldan azad edilməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin yeni bir mərhələsi oldu. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkarlığı, fədakarlığı və müasir döyüş taktikaları bu əməliyyatın uğurla başa çatmasına səbəb oldu. Qubadlı şəhərinin azad edilməsi yalnız bir şəhərin geri alınması deyil, həm də müharibənin gedişatında əhəmiyyətli bir dönüş nöqtəsi oldu. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunmuşdur. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
1993-cü ilin avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal olunması nəticəsində 29997 nəfər ev-eşiyindən didərgin düşərək məcburi köçkünə çevrildilər və rayonun infrastrukturuna ciddi ziyan vuruldu. Rayonda yüzlərlə yaşayış məntəqəsi, fərdi yaşayış evləri, inzibati və sosial obyektlər, mədəniyyət abidələri və məscidlər, o cümlədən avtomobil yolları və digər infrastrukturlar dağıdılıb yararsız vəziyyətə salınmışdır. Bu vəziyyət, Qubadlı rayonunun mədəni və iqtisadi həyatına ağır bir zərbə oldu.
Qubadlı rayonunun azad edilməsindən sonra Dövlət tərəfindən bölgənin bərpası və inkişafı üçün müvafiq planlar hazırlanmışdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə “Qubadlı şəhəri günü” təsis edilmişdir. Bu, şəhərin tarixi və mədəni irsinin əbədiləşdirilməsi baxımından olduqca əhəmiyyətli hadisədir.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələr sürətlə həyata keçirilir. Qubadlı rayonunun elektrik enerjisi tələbatını artırmaq üçün yeni yarımstansiyaların inşası davam edir. 2023-cü il ərzində Qubadlı rayonunda yeni avtomobil yollarının və su anbarlarının tikintisi ilə bağlı mühüm layihələr həyata keçirilib. Bununla yanaşı, Qubadlı gömrük postunun yaradılması da bölgənin iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Həmçinin, “ANAMA”-nın partlamamış hərbi sursatlar qrupu tərəfindən Qubadlı rayonunda 3 milyon 6 yüz min kvadratmetr ərazi minalardan təmizlənib.
Prezident İlham Əliyevin tapşırığı ilə hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Eyni zamanda 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev tərəfindən “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb.
Prezident İlham Əliyev, azad olunmuş Qubadlıya bir neçə dəfə səfər edib. Bu səfərlər çərçivəsində şəhərdəki infrastruktur layihələrinin açılışları və təməlqoyma mərasimləri keçirilib. 2023-cü ilin mayında Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin və mərkəzi xəstəxananın təməlqoyma mərasimləri təşkil edilib. Bu tədbirlər, Qubadlıda yeni inkişaf dövrünün başladığını göstərir. Qubadlı rayonunun gələcək inkişafı Dövlətin diqqət mərkəzindədir. Qubadlı, artıq öz tarixi sahiblərinə qayıdıb və yeni inkişaf perspektivlərinə doğru irəliləyir.
Pərvanə Vəliyeva, Milli Məclisin deputatı