Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubadlı erməni vandalizminin ürəkağrıdıcı izlərindən sürətlə təmizlənir

Qubadlı erməni vandalizminin ürəkağrıdıcı izlərindən sürətlə təmizlənir


44 günlük İkinci Qarabağ müharibəsinin hər bir günü Vətən tariximizin qızıl səhifəsi olduğu kimi, oktyabrın 25-i də hər zaman qürur duyacağımız möhtəşəm Qələbə günlərimizdən biridir. Çünki təqvimin bu günü məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi günü kimi ən yeni tariximizdə həkk olunub. Bəli, bu gün təkcə biz qubadlılılar üçün yox, bütün Azərbaycan xalqı üçün tarixi bir gündür. Bu gün Zəfər tariximizin şanlı səhifələrindən biri – Qubadlı şəhərinin mənfur erməni işğalından azad edilməsindən 4 il ötür.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Qubadlı şəhərinin və eləcə də rayonun 41 kəndinin azad olunması Vətən müharibəsinin gedişində növbəti mərhələnin başlanğıcı kimi yadda qalıb. Belə ki, Qubadlı şəhərinin işğaldan azad edilməsi müharibənin gedişatında həlledici dönüş nöqtəsi oldu. Strateji cəhətdən Şərqi Zəngəzurun olduqca mühüm bir nöqtəsində və bilavasitə Ermənistanla sərhəddə yerləşən Qubadlının işğaldan azad edilməsi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizədə psixoloji və hərbi üstünlüyümüzün geridönməz xarakter almasına vəsilə oldu.

Bu baxımdan Prezident İlham Əliyevin “Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” ifadəsi Qubadlı şəhərinin azad edilməsinin böyük Qələbəmiz üçün nə dərəcədə önəmli olduğunu əyani surətdə təsdiqləyir. Hadrut, Cəbrayıl, Füzuli və Zəngilandan sonra Qubadlı şəhərinin də işğaldan azad edilməsi ermənilərin məğlubedilməzliyi barədə uzun illər ərzində yaradılmış təbliğat mifini tamamilə darmadağın etdi. Məhz buna görə də Qubadlının işğaldan azad olunmasından sonra düşmən ordusunda ruh düşkünlüyü, fərarilik kütləvi hal aldı, Azərbaycan Ordusunun isə daha da əzmlə döyüşməsinə, qətiyyətlə irəliləməsinə yol açdı. Eyni zamanda böyük Zəfər yürüşünün həlledici mərhələsi - Şuşanın işğaldan azad edilməsi üçün zəmin hazırlandı.

Bu mənada oktyabrın 25-i həqiqətən də unudulmaz tarixdir. Dövlət başçısının Qubadlının işğaldan azad edilməsini tarixi hadisə adlandırması heç də təsadüfi deyildi. Çünki Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda olduqca şiddətli döyüşlər gedib. Lakin düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Torpaqlarımız uğrunda şücaətlə döyüşən igidlərimiz öz canı, qanı hesabına Qubadlını da erməni qəsbkarlarından təmizləyib və Vətən uğrunda şəhid olublar.

Oktyabrın 26-da Prezident İlham Əliyev xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikalarının siyahısını açıqlayıb və eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.

Qubadlı üçün və bütün qubadlılılar üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident İlham Əliyevin rayonda şanlı üçrəngli bayrağımızı ucaltmasıdır. Eyni zamanda, məlum olduğu kimi tarixi Zəfər günlərinin əbədiləşdirilməsi məqsədilə dövlət başçısının 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən, 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi müəyyən olunub. Bundan əlavə, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Bütün bunlar ən yeni tariximizin hər zaman qürurla xatırlanacaq səhifələridir.

Ötən dörd il ərzində Qubadlı çox dəyişib. Azad edilmiş digər ərazilərimizdə olduğu kimi Qubadlıda da genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Ərazinin minalardan təmizlənməsi əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev son dörd ildə Qubadlı rayonuna dəfələrlə səfər edib, aparılan genişmiqyaslı tikinti və quruculuq işləri ilə yaxından tanış olub, bir sıra infrastruktur obyektlərinin, müəssisələrin, yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində iştirak edib. Bir sözlə, bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir və rayonun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır, Böyük Qayıdış üçün zəmin hazırlanır. Rayonumuz və kəndlərimiz erməni vandalizminin ürəkağrıdıcı izlərindən sürətlə təmizlənir.

Biz qubadlılar 32 illik məcburi köçkünlük həyatından sonra doğma yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Mən doğulub böyüdüyüm və Birinci Qarabağ müharibəsi zamanı uğrunda döyüşdüyüm doğma Xanlıq kəndində və Qarabağın, Şərqi Zəngəzurun bütün digər ərazilərində bu torpaqların əzəli və əbədi sahibləri kimi bundan sonra daim azad və firavan, təhlükəsiz şəraitdə yaşayacağımıza əminəm. Çünki Dövlətimizin gücü, Ordumuzun qüdrəti belə əminliklə düşünməyimizə əsas verir. Prezident İlham Əliyevin qürurla söylədiyi kimi Qubadlıya öz sahibləri qayıdıb. Bu sahiblik hissini bizə yaşadan Dövlətimiz, Ordumuz, Ali Baş Komandanımız var olsun! Tanrı Azərbaycanımızı qorusun!

25 Oktyabr – Qubadlı Şəhəri Günümüz mübarək olsun, əziz Qubadlı yurddaşlarım!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı
Xəbəri paylaş