Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcü xalqı "demokratik inqilablar"dan bezib

Gürcü xalqı "demokratik inqilablar"dan bezib


Azərbaycanlılar bir qayda olaraq hansı ölkədə yaşamalarından asılı olmayaraq həmin ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayırlar. Eyni ilə Gürcüstanda da. Ən son bu ölkədə keçirilən parlament seçkiləri fonunda bunun əyani şahidi olduq.

Artıq Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini açıqlayıb və səsvermənin nəticələrinə əsasən hakim Gürcü Arzusu Partiyası səslərin böyük əksəriyyətini qazanaraq seçkilərin qalibinə çevrilib. Qeyd etdiyimiz kimi seçkilərdə bu ölkədə yaşayan azərbaycanlılar da fəal iştirak edib və öz səsvermə hüquqlarından istifadə edərək Gürcü Arzusu Partiyasına etimad göstəriblər. Düzdür, qonşu ölkədəki bəzi siyasilər, xüsusilə Qərbin əlaltıları kimi tanınan müxalif cameə azərbaycanlıların Gürcü Arzusu Partiyasına etimad göstərməsini qısqanclıqla qarşılayıb, buna görə hətta soydaşlarımızı da tənqid ediblər. Əslində bu da təbiidir. Çünki bir qayda olaraq seçkidə məğlub olan tərəf həmişə məğlubiyyətinin səbəbini ört-basdır etmək üçün bəhanələr axtarır.

Azərbaycanlıların Gürcü Arzusu Partiyasına etimad göstərməsinin səbəbinə gəlincə, bunu bir neçə amillə əlaqələndirmək olar. İlk növbədə onu qeyd etmək lazımdır ki, Gürcüstanın sözügedən partiyası ölkədə yaşayan digər xalqlar kimi azərbaycanlılara da xüsusi diqqət və qayğı ilə yanaşır, soydaşlarımızın yaşadıqları tarixi ata-baba yurdlarında müxtəlif təyinatlpı sosial layihələr həyata keçirir, infrastrukturu yaxşılaşdırır. Son illərdə Gürcüstanda yaşayan azərbaycanlıların işsizlik probleminin həlli istiqamətində də müvafiq addımlar atılır. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlıların seçkidə Gürcü Arzusu Partiyasına etimad göstərməsi doğru seçimdir.

Digər bir amil isə Gürcü Arzusu Partiyasnın regionda daha çox Azərbaycanla münasibətlərə üstünlük verməsi və Bakı ilə əlaqələri inkişaf etdirməyə maraq göstərməsidir. Tiblisdə yaxşı başa düşürlər ki, Gürcüstanın bundan sonrakı mərhələdə inkişafı daha çox Azərbaycanla əməkdaşlığı inkişaf edirməkdən keçir. Ona görə də Gürcü Arzusu Partiyası hakimiyyətə gələn gündən Bakı ilə əlaqələrə xüsusi öməm verir. Yeni dövrdə isə sözügedən partiyanın Azərbaycanla əlaqələri daha da inkişaf etdirəcəyi şübhə doğurmur. Bu baxımdan Gürcüstanda yaşayan azərbaycanlıların seçkilərdə Gürcü Arzusu Partiyasına etimad göstərməsi, eyni zamanda Azərbaycanın dövlət maraqlarından çıxış etməsi deməkdir.

Ümumilikdə, gürcü xalqının seçiminə gəldikdə isə, qonşu xalqın nümayəndələri də artıq dərk edirlər ki, Qərb Gürcüstandan bir vasitə kimi istifadə edir və növbəti mərhələdə Tbilisidən Moskvaya qarşı istifadə etməyi düşünür. Digər tərəfdən gürcü xalqı Qərbin bəxş etdiyi "demokratik inqilablar"dan bezib. Bu inqilabların Gürcüstana yalnız fəlakət gətirdiyi, ölkəni geri saldığı qənaətindədir gürcü xalqı, Ona görə də gürcü seçicisi qarşıdurma, xaos deyil, siyasi sabitliyə səs verməyi daha üstün tutdu.

Süleyman İsmayılbəyli

"Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədri
Xəbəri paylaş