"Avropa Parlamenti ermənidən çox ermənilik edir. Bu qurumun bu günlərdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamə belə deməyə əsas verir. Başdan ayağa, hər cümlə və sözü qərəz, iftira və yalan üzərində hazırlanmış qətnamənin müəllifləri sanki avroparlamentarilər deyil, erməni deputatalardır".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Avropa Parlamentinin “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsini şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Avropa Parlamenti insan hüquqları mövzusunu siyasi alver, eyni zamanda təzyiq vasitəsi predmetinə çevirib:
"Əgər belə olmasaydı, bu gün insan hüquqlarından bar-bar bağıran Avropa Parlamenti bir milyona yaxın soydaşımızı qaçqın və məcburi köçkünə çevirən Ermənistana qarşı da bu illər ərzində hansısa qətnamə qəbul edər, yaxud Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların hüquqlarının qorunması istiqamətində addım atardı".
Arzuman Muradlı qeyd edib ki, Avropa Parlamentinin indiki halda insan hüquqları adı altında Azərbaycana qarşı təzyiq göstərməsi COP29-un əhəmiyyətini azaltmağa yönəlmiş cəhd, dünya üçün mühüm əhəmiyyət kəsb edən tədbir ərəfəsində Azərbaycan barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaqdır:
"Ancaq bütün bunların heç bir nəticəsi olmayacaq və Azərbaycan COP29-u uğurla təşkil edib dünyanın diqqətini bu sahəyə yönəltməyə nail olacaq".
Süleyman