"Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin özünü diplomatdan daha çox casus kimi, hərbi kəşfiyyatçı kimi, fransız xüsusi xidmət orqanlarının gizli əməkdaşı kimi aparması beynəlxalq hüquqa və diplomatik xidmət haqqında konvensiyanın prinsiplərinə ziddir. Səfirin Azərbaycan mediasının Fransa bayraqlı avtomobilin sərhədimizə gəlməsi və bunun fransız kəşfiyyatı olması ehtimalı ilə bağlı xəbərini paylaşaraq, sərhədimizə özünün gəldiyini bildirməsi isə əslində Dekottininin özünü casus kimi deşifrə etməsidir. Azərbaycan mediasının faktın üstünü açdığını görən səfir O.Dekottini həqiqəti etiraf etmək məcburiyyətində qalıb".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, bu diplomat-casusun Azərbaycan sərhədində nə işi var?
"O, niyə tez-tez Zəngəzura səfər edir? Onun ötən gün Azərbaycanla sərhəddəki Nerkin Hand kəndinə gələrək erməni sakinlərlə görüşməsindən sonra Azərbaycan mövqelərini izləməkdə, binoklla müşahidə aparmaqda məqsədi nəymiş? Bu adam Avropa İttifaqının (Aİ) aparıcı ölkəsi olan Fransanın səfiri olduğu halda, nədən Azərbaycan sərhədinə gələrkən bu səfəri barədə mətbuata heç bir məlumat verməyib? Səfəri bu qədər gizli saxlamağın, kamuflyaj etmək cəhdinin səbəbi nədir?
Dekottini bütün bu sualları cavabsız saxlayıb. Deməli, belə çıxır ki, əgər Azərbaycan mediası sərvaxtlıq göstərib sözügedən foto-videogörüntüləri ictimailəşdirməsəydi, Olivye Dekottini Azərbaycan sərhədinə oğrun gəlişini axıra qədər gizli saxlayacaqdı. Lakin məşhur Azərbaycan məsəlində deyildiyi kimi, cidanı çuvalda gizlətmək mümkün deyil. Qatı ermənipərəstlik mövqeyi ilə tanınan fransalı səfirin təxribatçı addımının üstü tez açıldı".
Komitə sədri deyib ki, Fransanın ermənipərəst xarici işlər naziri Jan-Noel Barro öz səfirinin Azərbaycan sərhədinə nə məqsədlə gəlişinə aydınlıq gətirməlidir:
"Fransanın Ermənistandakı səfirliyinin casusluq fəaliyyətini himayə və birbaşa koordinasiya etməsi də diqqət mərkəzimizdədir. Azərbaycan rəsmi Parisin Ermənistan üzərindən Cənubi Qafqazdakı pozuculuq fəaliyyətlərini diqqətlə izləyir. Fransa öz səfirindən ölkəmizə qarşı casus kimi istifadə etmək cəhdlərinə son qoymalıdır".
Süleyman