Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik ediləcək

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik ediləcək


Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitə sədri Zahid Oruc bildirib ki, gündəliyə bir məsələ - “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxildir.

Newscenter.az xəbər verir ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizənin normativ hüquqi bazasının təkmilləşdirilməsi tədbirlərindən və bu sahədə dövlət orqanları tərəfindən görülən işlərdən söz açan Zahid Oruc vurğulayıb ki, müzakirəyə çıxarılan layihə də məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılmasına, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edir.

Komitə sədri layihədə məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma ilə bağlı qaydaların təkmilləşdirilməsindən danışıb. Qeyd olunub ki, təklif olunan dəyişikliklərdə məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddətləri dəqiqləşdirilir, dinləmədə vəkil, psixoloq və tərcüməçinin iştirakı təmin olunur. Həmçinin layihədə məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq qərarların qəbulu və məhkəməyə müraciət qaydaları daha aydın şəkildə öz əksini tapıb.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihə barədə ətraflı məlumat verib, dəyişiklikləri aktual edən şərtlərdən danışıb. Şöbə müdiri sənəddə 5 maddə üzrə dəyişikliyin nəzərdə tutulduğunu deyib, əsas mahiyyət xarakterli dəyişikliyin qanunun yeni redaksiyada təklif edilən 9-cu maddəsində əks olunduğunu bildirib. O, qanun layihəsində təsbit olunan məişət zorakılığı ilə bağlı şikayətə baxılma prosedurları, müddəti, eyni zamanda məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlarla bağlı müddəaları diqqətə çatdırıb.

Sonra komitə sədrinin müavini Arzuxan Əlizadənin, komitə üzvləri Azər Allahverənovun, Razi Nurullayevin, Sevil Mikayılovanın, Mübariz Qurbanlının, Bəhruz Məhərrəmovun, Hikmət Məmmədovun, Səyyad Salahlının, Vüqar Rəhimzadənin, Tural Gəncəliyevin, Elman Nəsirovun, Naqif Həmzəyevin, İmamverdi İsmayılovun və Mircəlil Qasımlının iştirakı ilə keçən onlayn iclasda qanun layihəsi barədə müzakirələr aparılıb. Deputatlar təklif olunan dəyişikliklərlə bağlı rəy və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Süleyman
Xəbəri paylaş