"İqlim dəyişkənliyinin intensiv getdiyi bir dövrdə yer kürəsinin gələcəyi şübhə altına düşür. Təbii tarazlığın kəskin pozulması, təbiətin özünü bərpaetmə qabiliyyətinin aşağı düşməsi dünyanı qorxunc və qarşısıalınmaz təhlükələr ilə üz-üzə qoya bilər".
Newscenter.az xəbər verir ki, bunu ictimai-siyasi fəal Anar Salehoğlu deyib. O deyib ki, iqlimə tərif verərkən müəyyən bir ərazi üçün çoxilliklər ərzində formalaşmış hava şəraitini başa düşürük və onda baş verə biləcək dəyişkənliklər də yalnız çoxilliklər ərzində mümkün ola bilər. Son dövrlərdə aparılan tədqiqatlar və araşdırmalar mövcud tendensiyaların zamanla dəyişə biləcəyini aydın şəkildə göstərdi:
"Çünki, yer kürəsinin müxtəlif regionlarında iqlim və onun elementləri intensiv sürətlə dəyişməklə böyük fəlakətlərə yol açdı və təbii tarazlığın pozulmasının artıq dərinləşdiyini ortaya qoydu. İqliməmələgətirən amillər arasındakı əlaqələrdə kəsintinlərin olması da məhz bununla bağlıdır.
Düşündürücü məqam isə vəziyyətin bu yerə gəlib çıxmasının səbəbləridir. Burada bir sıra amillər rol oynayır ki, onların içərisində ilk yeri insan fəaliyyəti, yəni antropogen amil tutur. İnsanlar tərəfindən təbiət hərtərəfli olaraq çirkləndirilir. Hava, su, torpaq əsaslı şəkildə zədələnir, zəhərlənir. Təbiət özünübərpa funksiyasını işə salmaqla bütün bunları aradan qaldırmağa çalışsa da təəssüf ki, bu artıq mümkün deyil. Ona görə ki, çirklənmənin və təbii tarazlığın səviyyəsi çox yüksək, bunlara qarşı alınan tədbirlərin səviyyəsi isə çox aşağıdır".
Anar Salehoğlu qeyd edib ki, müxtəlif beynəlxalq qurumların, təşkilatların və ölkələrin mühüm təşəbbüsləri və təklifləri bu baxımdan diqqətə alınmalı, həmçinin ümumdünya xarakteri daşımalıdır:
"Hər il dünyanın müxtəlif regionlarında keçirilən COP tədbirləri bu istiqamətdə təqdirəlayiq hesab olunur. Ölkəmizin də prosesə qoşulması və beynəlxalq tədbirə ev sahibliyi etməsi bizim mövqeyimizin, yüksək təşəbbüskarlığımızın bariz nümunəsidir.
Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində əldə olunmuş böyük uğurlar ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuz qazanmasına, müxtəlif istiqamətli və ümumdünya əhəmiyyətli tədbirlərin ev sahibinə çevrilməsinə səbəb olub. Şübhə yoxdur ki, Azərbaycanda keçiriləcək COP-29 beynəlxalq tədbiri dünyamızın parlaq gələcəyinin qurulması işinə əsaslı töhfə verəcək və Azərbaycan Cənubi Qafqazın ən böyük, ən güclü və ən qüdrətli dövləti kimi dünya tarixində öz əhəmiyyətli yerini tutacaq".
Süleyman