Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 6-da Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.
Newscenter.az xəbər verir ki, qonağı Bakıda salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova, Dünya dini liderlərinin qlobal Bakı Sammitinin çox aktual məsələlərin müzakirə edildiyi mühüm bir platforma olduğunu söyləyib.
O, Qlobal Tolerantlıq və Sülh Şurasının dünyada sülh və tolerantlığı təşviq etdiyini, Azərbaycan xalqının da eyni dəyərləri bölüşdüyünü bildirib. Spiker diqqətə çatdırıb ki, Azərbaycanda multikulturalizmin, tolerantlığın və dinlərarası dialoqun təşviqi həmişə xalqımızın həyat tərzi və dövlət siyasəti olub. Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, bütün dünyada tolerantlıq, multikulturalizm, qarşılqlı anlaşma kimi humanist dəyərləri təbliğ edir.
Sahibə Qafarova ölkəmizin təşkilatçılığı ilə keçirilmiş və tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası dialoq, qarşılqlı anlaşma mövzularına həsr olunmuş tədbirləri xatırladıb. Onun sözlərinə görə, dünyada baş verən münaqişələrin səbəblərindən biri də tolerantlığın, qarşılıqlı anlaşmanın olmamasıdır.
Görüşdə qeyd olunub ki, Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi təkcə ölkəmizin yaşıl enerji gündəliyinə qlobal dəstəyi deyil, həm də onun müxtəlif qrupları birləşdirmək, dialoqu təşviq etmək və onlar arasında anlaşmaya nail olmaq qabiliyyətini əks etdirir. Dünya dinləri, tolerantlıq anlayışı dövrümüzün ən aktual problemi olan iqlim dəyişikliyi ilə mübarizədə böyük potensiala və imkanlara malikdirlər. Sammitin “Dünya dinləri yaşıl planet uğrunda” şüarı da bu aktuallığı əks etdirir.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə parlament konfransı keçiriləcək. Bu konfransın da aktual məsələlərin müzakirəsi baxımından mühüm bir fürsət olacağına əminlik ifadə edilib.
Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan Dini Liderlərin Qlobal Sammitinin yüksək səviyyədə təşkilinə və onun Azərbaycana səfərinə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Azərbaycanı çox sevdiyini, ölkəmizlə tanışlığın, xalqımızın mədəniyyətinin, multikultural dəyərlərinin qonaqlarda yüksək təəssürat yaratdığını deyib.
Qonaq Dünya dini liderlərinin qlobal Bakı Sammitinin sülh və tolerantlıq haqqında müzakirələr aparmaq üçün əlverişli bir imkan olduğunu qeyd edib. Qlobal Tolerantlıq və Sülh Şurasının sədri rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib.
Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.
Süleyman