COP29-un altıncı günündə “Mavi Zona”da “Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma” Günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə, yəni ESG təcrübələri və təşəbbüsləri üzrə vahid onlayn məkanın – ESGhub.az platformasının təqdimatı keçirilib (https://esghub.az/ ).
Newscenter.az xəbər verir ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bildirib ki, bu gün işgüzar dairələr və cəmiyyətlərin dayanıqlı inkişafa və etik dəyərlərə yanaşmasında böyük dəyişikliklərin şahidi oluruq. İqlim dəyişikliyi, sosial bərabərsizlik, dayanıqlı maliyyə, şəffaf idarəetmə ilə bağlı çağırışlar dünyada daha geniş miqyasda qəbul edilir və bu mənada ESG prinsiplərinin və ESG üzrə hesabatlılığın vacibliyi gündən-günə artır. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, dövlət-biznes dialoqu çərçivəsində ABB, Azercell Telecom və digər maraqlı tərəflərin dəstəyi ilə yaradılan ESG Hub Azərbaycan platformasının istifadəyə verilməsi ilə bu çağırışlara cavab vermək hədəflənir.
Təqdimatda qeyd olunub ki, ESG Hub platforması sadəcə təqdim etdiyi çoxşaxəli resurslar vasitəsilə ESG sahəsində məlumatlılığın artırılmasını hədəfləmir, həm də dövlət və özəl sektorun ESG səylərini birləşdirən netvörkinq platforması kimi davamlı və dayanıqlı gələcəyə töhfə vermək missiyası daşıyır. Bu platforma imkan verəcək ki, hər bir təşkilat öz fəaliyyətinə ESG dəyərlərini daxil edə bilsin, uzunmüddətli dayanıqlı inkişafa və gələcək nəsillərə töhfə versin.
Vurğulanıb ki, ESG Hub təşkilatların ESG prinsiplərini gündəlik fəaliyyətlərinə və uzunmüddətli strategiyalarına daxil etmələrini asanlaşdırmaq üçün geniş imkanlar təqdim edir.
Süleyman