Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Daşkənd Dövlət Transport Universiteti ilə birgə layihəsi ilə Azərbaycan və özbək xalqının böyük oğlu, özbək dramaturgiyasının banilərindən olan Maqsud Şeyxzadəyə həsr olunmuş “Maqsud Şeyxzadənin ədəbi yaradıcılığı və müasirlik” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfransda Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan, ABŞ, Çin və s. ölkələrdən də alimlər iştirak ediblər.
Newscenter.az xəbər verir ki, Daşkənd Dövlət Transport Universitetinin Maqsud Şeyxzadə adına konfrans zalında baş tutan tədbiri giriş sözü ilə açan prorektoru dosent Dilşod Baratov Maqsud Şeyxzadənin əsərlərinin gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda yetişməsində böyük əhəmiyyətə malik olmasından söz açıb. Belə bir tədbirin təşkili və Daşkənd Dövlət Transport Universiteti ilə daim həmkarlıq etdikləri üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz dərin minnətdarlığını bildirən prorektor konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra çıxış edən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Gülşən Kəngərli Maqsud Şeyxzadənin ədəbi irsinə qarşı Özbəkistanda xüsusi diqqətin ayrılamsınının onda böyük fəxarət hissi oyandırdığını və qardaş xalq arasındakı ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində Şeyxzadə yaradıcılığının xüsusi rol oynadığını vurğulayıb.
Çıxış edən qazaxıstanlı alim professor Nurlan Minqibayev Şeyxzadə yaradıcılığının qazax ədəbiyyatında təsirlərindən söz açıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə öz çıxışında, Azərbaycanın böyük oğlu Maqsud Şeyxzadənin özbək ədəbiyyatı və mədəniyyətində özünəməxsus yerə sahib olduğunu qeyd edib. M. Şeyxzadə yaradıcılığının təkcə özbək ədəbiyyatına deyil özbək mədəniyyəti, incəsənətinin bütün sahələrinə təsir etməsindən söz açıb.
Konfransda məruzə ilə çıxış edənlər ABŞ Hofstra Universitetinin professoru Elyar Kərimov (onlayn), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Almaz Ülvi (onlayn), Çinin Heyibey Universitetinin dosenti Jessi Liua, Kastamonu Universitetinin əməkdaşı dosent Murad Halmet (onlayn) Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin dosenti Aybibi İsgəndərova, əməkdar jurnalist Flora Qumar və b. Maqsud Şeyxzadənin həyat və yaradıcılığından söz açıblar.
Elmi konfrans daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bədii hissə ilə davam edib.
Bədii hissəni giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev Azərbaycan Mədəniyyət Mərkəzinin Maqsud Şeyxzadə yaradıcılığını hər zaman diqqət mərkəzində saxladığını, hər il Mərkəz tərəfindən M.Şeyxzadə ilə bağlı nəşrlərin, filmlərin, məqalə və televiziya verilişlərinin hazırlanması layihəsinə dəstək verildiyini, konfrans və seminarların keçirildiyini qeyd edib.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistanın “Media Art” film kompaniyası tərəfindən hazırlanmış, şairə həsr edilən “Maqsud Şeyxzadə - İki xalqın oğlu” adlı sənədli film nümayiş etdirilib. Qeyd edək ki, filmdə Azərbaycan və Özbəkistandan olan alimlərin, incəsənət və mədəniyyət xadimlərinin Maqsud Şeyxzadə yaradıcılığı ilə bağlı fikirləri, xatirələri yer alıb. Konfransın ədəbi-bədii hissəsində Daşkənd Dövlət Transport Universiteti tələbələrinin iştirakı ilə Maqsud Şeyxzadənin əsərlərindən ibarət şeir kompozisiyaları, tamaşa-səhnəciklər və Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs qrupunun ifasında milli rəqslərimiz nümayiş etdirilib.
Süleyman