Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər zaman öz idarəetmə strategiyası ilə uğur və nüfuz qazanan Yeni Azərbaycan Partiyası

Hər zaman öz idarəetmə strategiyası ilə uğur və nüfuz qazanan  Yeni Azərbaycan Partiyası




Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşərək, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsünü irəli sürmüşlər. Ölkəmizin yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunmuşdur.

Ulu Öndər Heydər Əliyev həmin vaxt 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavabında bildirmişdir ki, “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edilmiş Təsis Konfransında Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı.

Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndərin siyasi düşüncələri, davranışları və addımları sayəsində Partiya qısa zamanda inkişaf etdi və özünün qeyd etdiyi kimi “dünənin, bu günün və sabahın partiyası”na səviyyəsinə yüksəldi. Bu partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir.

26 mart 2005-ci ildə keçirilmiş Yeni Azərbaycan Partiyasının III qurultayında partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir.

Yeni Azərbaycan Partiyası Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.

Hazırda YAP-ın 730 354 üzvü var. “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Prezident cənab İlham Əliyev Partiyanın VII qurultayında çıxışı zamanı qeyd etmişdir ki, “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.

5 mart 2021-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilmiş qərar əsasında Partiyanın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq Partiyanın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilmişdir. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.

Bu gün cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün Yeni Azərbaycan Partiyası hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi Yeni Azərbaycan Partiyasının təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın “iqtidar-xalq” modelinin qüsursuz fəaliyyətətini, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli iclasında təsdiq edilmiş Partiyanın yeni Proqramı 5 - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” fəsillərdən ibarətdir. Həmçinin Partiyanın siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət, 11 strateji hədəf və Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar müəyyən olunub.

Ölkəmizdə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.


Pərvanə Vəliyeva, Milli Məclisin deputatı
Xəbəri paylaş