Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Nantun şəhərində Çin Kommunist Partiyası (ÇKP) Sucian ərazi təşkilatı, Sucian kənd muzeyi, Pilotsuz Avtomobillərin Elmi-Texniki Mərkəzi ilə tanışlıqdan sonra Şanxay şəhərinə yola düşüb.

YAP-dan Newscenter.az-a verilən xəbərə görə, ÇKP Şanxay şəhər komitəsində və Şanxay şəhər Partiya məktəbində keçirilmiş görüşlərdə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan-Çin münasibətlərinin aktual çağırışlara cavab verməklə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı olduğu diqqətə çatdırılıb.

Hər iki ölkənin bir-birinin dövlətçilik mənafelərinə uyğun işbirliyinə yüksək dəyər verdiyi və müxtəlif sahələri əhatə edən əlaqələrin genişlənməsində maraqlı olduğu vurğulanıb. Bildirilib ki, qlobal siyasi proseslərə təsir etmək imkanına malik, dövlətlərarası münasibətlərin milli maraqlar və beynəlxalq hüquq normaları əsasında inkişafının tərəfdarı olan Azərbaycan ilə Çin Avrasiyada daimi sülh, dayanıqlı təhlükəsizlik və perspektivli əməkdaşlıq üçün məqsədyönlü siyasət həyata keçirir.

Diqqətə çatdırılıb ki, iki ölkənin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS platforması çərçivəsində əməkdaşlığı diqqət mərkəzində saxlaması ciddi geosiyasi dəyişikliklərlə müşayiət olunan yeni reallıqlar fonunda olduqca mühüm əhəmiyyətə malikdir.

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulunun müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Bəyannamədə qeyd olunduğu kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə ediblər. Bu, Azərbaycan ilə Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir.

Qeyd olunub ki, Birgə Bəyannamədə əksini tapan mühüm məsələlərdən biri də YAP ilə ÇKP arasında əlaqələrin gücləndirilməsidir ki, bu da Azərbaycan-Çin münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verəcək.

Diqqətə çatdırılıb ki, əlaqələri yüksək səviyyədə saxlamaq, mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil etmək, ümumi maraq doğuran məsələlər üzrə təmasları gücləndirmək qarşıda duran başlıca vəzifələrdəndir. Bildirilib ki, memorandumdan irəli gələrək humanitar mübadiləni zənginləşdirmək, təhsil sahəsində, media, regional hakimiyyət orqanları, ictimai təşkilatlar və s. arasında ikitərəfli əlaqələrin partiyalararası platformalarının yaradılması da xüsusi diqqət mərkəzində saxlanılacaq.

Hər iki ölkədə gənclərlə işin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanaraq gənclərin ictimai-siyasi sahədə, o cümlədən dövlət idarəçiliyi və partiya həyatında fəal iştirakına xüsusi önəm verildiyi bildirilib. Gənclərlə siyasi-ideoloji işin əhəmiyyətindən bəhs edilərək bu istiqamətdə aidiyyəti təhsil müəssisələri arasında faydalı təcrübə mübadiləsinin aparılmasının mövcud reallıqlar və çağırışlar fonunda önəmi diqqətə çatdırılıb.

Azərbaycanın sosial-iqtisadi inkişaf modeli və Çin xüsusiyyətli sosializm haqqında da ətraflı məlumatın verildiyi görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Şanxay şəhərinə səfər çərçivəsində Çin Kommunist Partiyasının Birinci Qurultayı Muzeyi, Suhey xidmət mərkəzi, "Şərqin mirvarisi" teleqülləsi, Çjanbay mikrorayonu, Qlobal Ticarət Limanı və Suca çayı sahilindəki tarixi məhəllə də ziyarət edilib.

Süleyman
Xəbəri paylaş