Kəlbəcər rayonunun işğaldan azad edilməsindən 4 il ötür.
2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər nəticəsində imzalanan, Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.
44 günlük Vətən Müharibəsində qazandığımız şanlı zəfərimizi əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Bu Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.
Hazırda Kəlbəcərdə geniş bərpa-quruculuq işləri gedir. İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərini daim öz diqqətində saxlayan Prezident İlham Əliyev azad olunmuş Kəlbəcərə 2020-ci ildən bəri 6 dəfə səfər edib və bu səfərlərin hər birində yeni infrastruktur layihələrinin, yaşayış komplekslərinin, ictimai binaların və mədəni layihələrin təməlqoyma mərasimlərində iştirak edib. Əminik ki, aparılan bu geniş quruculuq işləri ilə işğalın mənfi nəticələri aradan qaldıracaq və Kəlbəcər yenidən həyat dolu bir məkana çevirəcək.
Vasif Qafarov, Milli Məclisin deputatı