Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Vergi Xidmətində “Dövlət - biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib

Dövlət Vergi Xidmətində “Dövlət - biznes əməkdaşlığı və nəticələr”  mövzusunda tədbir keçirilib


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Dövlət -biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl sektorun və biznes assosiasiyalarının təmsilçiləri, müstəqil ekspertlər iştirak ediblər.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün əsas məqsədi vergi qanunvericiliyi və inzibatçılığında həyata keçirilmiş və nəzərdə tutulan dəyişiklikləri, eyni zamanda bu proses çərçivəsində aidiyyəti dövlət qurumları ilə biznes assosiasiyaları, sahibkarlıq subyektləri arasında qarşılıqlı əməkdaşlığın nəticələrini təqdim etmək və yeni istiqamətləri müzakirə etməkdir.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev dövlət və özəl sektor arasında əməkdaşlıqla müşayiət olunan təkmilləşmələrin daha effektiv olduğunu, birgə fəaliyyətin daha dayanıqlı və hərtərəfli inkişafa təkan verdiyini vurğulayıb.

DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri”, baş idarənin rəis müavini Əvəz Quliyev isə “2025-ci ildə Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər” barədə təqdimatlar ediblər.

Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Şaban Abdullayev “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” barədə məlumat verib.

Tədbir iştirakçıları vergi islahatlarının ölkəmizdə sahibkarlıq fəaliyyətinə təsirləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, biznes subyektlərinin prosesdə fəal iştirakı ilə bağlı məsələləri müzakirə ediblər. Bildirilib ki, iqtisadiyyatımız üçün yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsində vergi islahatları mühüm rola malikdir.
Görüşdə vergi qanunvericiliyi və inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində səsləndirilən təkliflər müzakirə edilib, qaldırılan suallar cavablandırılıb.

Süleyman
Xəbəri paylaş