Avstraliyanın qərb sahillərində yerləşən bir neçə şəhərin sakinləri Perthdən 200 km şimalda baş verən meşə yanğınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar. Bu barədə Qərbi Avstraliya Dövlət Xilasetmə Xidməti məlumat yayıb.
İdarənin məlumatına görə, nəzarətsiz meşə yanğını qitənin qərb sahilində, Pertdən 240 km şimalda yerləşən Servantes şəhərinə yaxınlaşıb. Qərbi Avstraliyanın Yanğın və Fövqəladə Hallar üzrə komissarı Darren Klemm deyir: “Yanğın şəhər sərhədlərindən 10 km-dən az məsafədə yanır... və vəziyyət regionda quru, isti və küləkli hava şəraiti ilə çətinləşir”.
Həmçinin bildirilir ki, 500-ə yaxın insanın yaşadığı Servantesin yaxınlığında Avstraliya Hərbi Dəniz Qüvvələri üçün təlim meydançası yerləşir. "Orada partlamamış hərbi sursatlar və yanacaq ehtiyatları var, ona görə də yanğınsöndürənlər yalnız təsdiq edilmiş hərbi marşrutlar üzrə hərəkət etməlidirlər və bu, bizim yanğının qarşısını almaq imkanlarımızı xeyli məhdudlaşdırır", - Klemm əlavə edib.
İndi Servantes və yaxınlıqdakı kəndlərin sakinləri təxliyə edilib, təbii fəlakət bölgəsində məktəblər və uşaq bağçaları bağlanıb, ictimai nəqliyyat dayandırılıb. Hökumətin Meteorologiya Bürosunun (BOM) sinoptikçisi Daniel Hayes, "Təəssüf ki, şərq küləkləri yanğını hazırda şəhərə doğru itələyir və gün ərzində temperatur yüksəldikcə alovun yaşayış binalarına çatma riski yüksəkdir" dedi. .
Yanğın 42 min hektar meşə sahəsini əhatə edir və yanğının şimaldan cənuba ümumi uzunluğu təxminən 48 km-dir. Yanğınsöndürənlər alovun qarşısını ala bilmirlər və indiyədək onların səylərinin böyük hissəsi məskunlaşan ərazilərin ətrafındakı mühafizə strukturlarının gücləndirilməsinə yönəlib. Yanğının söndürülməsi üçün 200-dən çox yanğınsöndürən səfərbər olunub, 4 təyyarə və 2 helikopter hadisə yerindədir və günün sonuna kimi qonşu dövlətlərdən 2 tanker təyyarəsi və bir neçə yanğınsöndürən briqadası onlara köməklik göstərməlidir.