"Ulu öndər Heydər Əliyevin yüksək qayğısı və müdrikliyi ilə qurulan və inkişaf edən Naxçıvan Dövlət Universiteti özünün yeni inkişaf dövrünü yaşayır".
Newscenter.az xəbər verir ki, bu fikirləri sözügedən təhsil ocağının rektoru Elbrus İsayev səsləndirib. O deyib ki, ali təhsil müəssisəmizdə müxtəlif vaxtlarda dörd dəfə olan görkəmli dövlət xadimi bu təhsil müəssisəsinin mövcudluğunu bölgənin mədəni həyatının əsas hadisəsi kimi qiymətləndirmişdir:
"Onun qayğısı ilə Universitetimiz zaman zaman genişlənərək bu gün 108 hektarlıq kampus modelində, 15 min nəfərə yaxın professor-müəllim, tələbə və şagird kollektivini əhatə edən bölgənin mühüm elm, təhsil mərkəzinə çevrilmişdir".
Rektor qeyd edib ki, klassik ənənələri qorumaqla modern təhsil kompleksinə çevrilən bu ali təhsil müəssisəsi ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qayğısı ilə əhatə olunub:
"İki dəfə Universitetimizdə olan Cənab İlham Əliyevin qayğısı ilə son illərdə yeni tədris korpusları inşa olunmuş, tabeliyində yeni təhsil müəssisələri yaradılmışdır.
Müzəffər Ali Baş Komandan, Zəfərimizin memarı, Azərbaycan tarixinin Qalib Liderinin imzası ilə yenidən rektor təyin olunmağımın böyük qürurunu yaşamaqla, bu yüksək etimadın məsuliyyətini dərindən dərk edir, NDU ailəsi ilə birlikdə bu etimadı doğrultmaq üçün bütün gücümüzlə çalışacağıq".
Anar Əliyev