Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamed paytaxtdakı 335 nömrəli tam orta məktəbdə olub, müəllim və şagirdlərlə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.
Görüşün əsas məqsədi STEAM layihəsinin tətbiq olunduğu məktəbdə fənnin tədrisi vəziyyəti, STEAM layihəsi çərçivəsində görülən işlərlə tanış olmaqdan ibarətdir.
Qonaqlar əvvəlcə STEAM otaqları ilə yaxından tanış olub, dərslərdə iştirak edib, şagirdlərlə fikir mübadiləsi aparıblar.
Qonaqlara məlumat verilib ki, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə reallaşdırılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris olunmasıdır.
Daha sonra qonaqlar kimya, biologiya, fizika, informatika kabinetləri, məktəbin akt zalı və yeməkxanasında, məktəbəhazırlıq qruplarında olublar.
Ruhiyyə Mehdiyeva