Suraxanı rayonunda 2024-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran məsələlər və Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti mövzusunda növbəti müşavirə keçirilib.
Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, RİHB-nin müavinləri, Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin, rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, mənzil-kommunal və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə Fövqəladə Hallar Nazirliyi Suraxanı rayonu üzrə fövqəladə hallar və Mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Toğrul Vəliyev “Rayon üzrə Mülki müdafiənin vəziyyəti” ilə bağlı məruzə edib, eyni zamanda “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, “Yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili”, “Yanğın zamanı ilkin tibbi yardım” adlı mövzularda məruzəçilərin çıxışları dinlənilib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında bildirib ki, yanğınsöndürənlərin işini çətinləşdirən bir çox amillərin, xilasetmə əməliyyatlarına əngəllər törədən ərazidəki qeyri-qanuni quraşdırılmış şlaqbaumlar və digər süni maneələrin götürülməsi, mənzil-kommunal idarələri tərəfindən balanslarında olan yaşayış binalarındakı tüstü bacalarının ildə ən azı iki dəfə təmizlənməsi işinin təşkil olunması, rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunması, daxili yanğın kranlarının və yanğına qarşı su təchizatının yararlı vəziyyətə gətirilməsi, təhlükəsizlik qaydalarına zidd olan maye qaz balonlarından istifadənin qarşısının alınması, sakinlər tərəfindən mərtəbələrdə bağlanmış ehtiyat çıxışlarının açılmasının təmin olunması, yaşayış binalarında işlərin “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın və “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun təşkil olunması və bir çox digər işlər aidiyyəti qurumlar tərəfindən görülməlidir.
Həşmçinin, Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov isə çıxış edərək aidiyyəti qurumlara yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı lazımi tövsiyələr verdi.
Tədbirdə çıxış edənlərin təklifləri nəzərə alınaraq məktəblərdə maarifləndirici tədbirlər, tüstü bacalarının təmizlənməsi ilə bağlı ixtisaslaşdırılmış idarələrə müraciət olunması, yaşayış evlərinin sığortalanması üçün maarifləndirici tədbirlərin görülməsi, məişət tullantılarının vaxtında daşınması, onların yandırılmasının qarsının alınması və digər işlərin görülməsi tövsiyə edildi.
Anar Əliyev