Ulu öndərin anım günü ilə bağlı Azərbaycanın Özbəkistandakı səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları Daşkənddəki Heydər Əliyev parkında Onun abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Newscenter.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında məlumat verib. Səfir ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlayaraq, Moskvadakı fəaliyyəti və ən nəhayət, xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi ağır bəlalardan xilas etməsi haqqında söhbət açıb.
Müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin ölkəmizi dünyaya tanıtdığını bildirən H.Quliyev deyib ki, Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra qısa müddətdə siyasi və iqtisadi islahatlar aparılıb, uğurlu nəticələr əldə edilib. Səfir Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da söhbət açıb.
Səfir qeyd edib ki, Özbəkistanla Azərbaycan arasında dostluq münasibətlərinin yaranması və inkişaf etdirilməsində Heydər Əliyevin müstəsna xidmətləri var. Eyni din, dil, tarix və mədəniyyətə malik iki qardaş xalq arasında münasibətlər hazırda yüksək səviyyədədir və bu istiqamətdə fəaliyyət davam edir.
Süleyman