Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcülər Qərbin geosiyasi oyunlarına aldanmayacaqlar

Gürcülər Qərbin geosiyasi oyunlarına aldanmayacaqlar


"Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olan qonşu Gürcüstanda parlament seçkilərinin ardınca prezident seçkilərinin də hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının inamlı qələbəsi ilə başa çatması Qərbin Gürcüstanda süni şəkildə hakimiyyət böhranı yaratmaqla Cənubi Qafqazda destabilizasiyaya nail olmaq planlarının iflasa uğradığını göstərir. Hazırkı prezident Salome Zurabişvili başda olmaqla, Qərbin Gürcüstandakı əlaltılarının iğtişaşlar törətmək planları boşa çıxdı. Gürcü xalqı Avropa İttifaqının (Aİ) "beşinci kolon"unun planlarının həyata keçməsinə imkan vermədi. Beləliklə, 2024-cü il dekabrın 14-də Gürcüstanın altıncı prezidentinin seçilməsinə hər vasitə ilə mane olmağa çalışan qərbyönümlü qüvvələr fiasko ilə üzləşdilər. "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının namizədi olan Mixeil Kavelaşvili Gürcüstanın yeni prezident seçildi".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb. Dövlətimizin başçısı sözügedən təbrik məktubunda Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını bildirib:

"Eyni zamanda, təbrik məktubunda Gürcüstan və Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün də müvəffəqiyyətlə inkişaf etməsinin sevindirici hal olduğunu qeyd edərək, regionumuzun sabitliyi və təhlükəsizliyi üçün birgə səylərin davam etdiriləcəyinə inamını ifadə edib: “İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik”.

Komitə sədri deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri zamanın sınaqlarından uğurla çıxıb:

"Bu iki Cənubi Qafqaz ölkəsi daim qarşılıqlı hörmət və anlayış, dinc qonşuluq və əməkdaşlıq prinsipləri əsasında hərəkət edərək strateji tərəfdaşlıq münasibətləri qurublar. Azərbaycan və Gürcüstan bütün dövrlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyib, beynəlxalq platformalarda daim bir-birinin mövqeyini müdafiə ediblər. "Gürcü Arzusu" Partiyasının Cənubi Qafqazda Qərbin həyata keçirdiyi geosiyasi pozuculuq siyasətinə qətiyyətlə"yox!" deməsi Gürcüstan və Azərbaycanın iki müstəqil dövlət kimi bundan sonra da sıx əməkdaşlığı davam etdirməsi üçün etibarlı zəmin yaradır. Bakı və Tiflisin sıx əməkdaşlığı Cənubi Qafqazın gələcək taleyində mühüm rol oynayacaq. Gürcüstanda yaşayan soydaşlarımız da Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayırlar".

Əlisahib Hüseynov onu da vurğulayıb ki, Azərbaycan-Gürcüstan münasibətləri Ermənistan üçün də örnək olmalıdır:

"Qərbin Cənubi Qafqazda "forpost"u rolunu oynamağı üzərinə götürmüş Ermənistan bölgədə vəziyyətin gərginləşməsinə, qeyri-sabitlik riskinin artmasına səbəb olur. Qərb Ermənistandan Azərbaycana və Gürcüstana qarşı alət kimi, təzyiq vasitəsi kimi istifadə edir. Gürcüstanda Qərbin "ssenari"si ilə təşkil olunan etiraz aksiyalarında, iğtişaşlarda Ermənistandan göndərilən pozucu qüvvələrin iştirak etməsi faktları da məlumdur. Lakin Qərbin ermənilərin əli ilə Cənubi Qafqazda həyata keçirmək istədiyi pozuculuq planları baş tutmayacaq. Azərbaycan və Gürcüstanın Qərbin pozuculuq siyasətinə qarşı immuniteti kifayət qədər güclüdür. Qərb mediasının Gürcüstanın “rəngli inqilab”ın astanasında olduğunu bildirməsi də növbəti "blef"dən başqa bir şey deyil. Gürcülər Qərbin geosiyasi oyunlarına aldanmayacaqlar".

Süleyman
Xəbəri paylaş